AZ

Neft gəlirlərimiz 27 faiz azaldı- niyə?

Image

Vüqar Bayramov: “İqtisadiyyatda qeyri-neft sektorunun çəkisi daha da artırılmalıdır”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft-qaz gəlirləri kəskin azalıb. Məsələ ondadır ki, Neft Fondu bu ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından əldə edilən mənfəət neftindən 1 milyard 798,6 milyon dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəki göstəricidən 27,1 faiz azdır.

2023-cü ilin yanvar-aprel aylarında Fonda AÇG-dən 2 milyard 468 milyon dollar daxil olub. Yanvar-apreldə “Şahdəniz”dən əldə olunan gəlirin 60,784 milyon dolları qaz kondensatının satışından əldə olunub. Ötən il bu mənbədən 197,763 milyon dollar daxil olub. 

Ümumən, Azərbaycanda neft hasilatı kəskin azalmayıb. Dünyada neftin qiyməti ucuzlaşmayıb, Azərbaycanda qaz hasilatı azalmayıb, əksinə artır. O zaman neft-qaz gəlirləri niyə kəskin azalıb?

“Bu ilin birinci rübündə neft hasilatının 6 faiz azalmasını müşahidə etmişik və bu o qədər də kiçik rəqəm deyil”

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Neft Fondu bütövlükdə aktivlərin yerləşdirilməsini diversifikasiya edib, şaxələndirib. Vəsaitləri şaxələndirdiyi üçün Neft Fondu üçün əsas məqsəd aktivlərin idarə edilməsindən daha çox gəlirin əldə edilməsidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağlarındakı fərq hasilatın azalması ilə bağlıdır. Çünki biz bu ilin birinci rübündə neft hasilatının 6 faiz azalmasını müşahidə etmişik. Birinci rübdə hasilatın 6 faiz azalması o qədər də kiçik rəqəm deyil. Üstəlik, neftin dünya bazar qiyməti əvvəlki ilin birinci rübü ilə müqayisədə cüzi azalıb, amma hasilatın azalması bütövlükdə bu istiqamətdə daxil olan gəlirlərin azalmasına birbaşa təsir göstərib. Ancaq belə baxanda Neft Fondunun ümumi gəlirlərinə diqqət yetirməliyik. Eyni zamanda rüblük, illik və bəzi hallarda daha uzun müddətli dövrlərdə gəlirlərdəki dəyişiklikliyin təhlil edilməsi çox vacibdir. Hazırda Neft Fondunun büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməsində hər hansı problem yoxdur. Neft Fondu büdcə qarşısında öhdəliklərini, yəni transfertlərini tam olaraq proqnozlaşdırılan həcmdə yerinə yetirir. O baxımdan fərqli istiqamətlərdə dəyişiklik və bu mənbədən gəlirlərin azalması ümumən büdcə gəlirlərimizə təsir göstərməyəcək. Əksinə, biz büdcə gəlirlərində profisitin yaranmasını müşahidə edirik. Bütün bunlarla bahəm büdcənin neft-qaz gəlirlərindən asılılığını azaltmaq üçün görülən işlərin miqyası daha da genişləndirilməlidir. İqtisadiyyatda qeyri-neft sektorunun çəkisi daha da artırılmalıdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
50
Mənbələr
Şərh ()
Bağla