AZ

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Rusiyalı

Moskva, 10 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın böyük oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Rusiyada da qeyd edilir. Rusiya ekspert cəmiyyətinin tanınmış nümayəndələri AZƏRTAC-ın müxbiri ilə söhbətdə Ulu Öndərin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər.

“Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlara Dəstək Fondunun Ekspert Şurasının sədri, politoloq Qriqori Trofimçuk Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi ən yeni tarixin güclü siyasətçilərindən biri adlandırıb. “Dünyada tamamilə fərqli ideologiyalar olan dövrlərdə fəaliyyət göstərən siyasətçi azdır. Heydər Əliyev Azərbaycana həm sovet dövründə, həm yeni Azərbaycan dövlətinin qurulmasının çətin keçid dövründə - 90-cı illərdə, həm də artıq dinc inkişaf mərhələsində rəhbərlik edib. Siyasətçinin dahiliyinin daha bir göstəricisi uğurlu varis seçimidir. Heydər Əliyevin yeni Azərbaycanda əsasını qoyduğu hər bir başlanğıc hazırda uğurla işləyir və bundan sonra da işləyəcək”, - deyə o bildirib.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko isə qeyd edib ki, Heydər Əliyev görkəmli siyasətçi və tarixi fiqurdur. “Rusiyada onu xatırlayırlar və sevirlər. Əlbəttə, bu, ilk növbədə, Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində göstərdiyi çox böyük xidmətlərlə bağlıdır. O, Sovet İttifaqının ən mühüm infrastruktur layihələrinə nəzarət edirdi. Baykal-Amur magistralı Heydər Əliyevə abidədir. BAM-a Heydər Əliyevin iradəsi və təkidi sayəsində start verilib və bu marşrut indiyədək fəaliyyət göstərir”, - deyə ekspert vurğulayıb.

Korotçenko qeyd edib ki, Azərbaycan üçün çətin tarixi anlarda Heydər Əliyev xalqın təkidi ilə siyasi Olimpə qayıdıb və Azərbaycan dövlətini yox olmaqdan xilas edib.

“Bu gün tarixi estafeti onun oğlu, Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir. Dahi siyasi xadim Heydər Əliyevin doğum günündə rusiyalı ekspert cəmiyyəti və on milyonlarla Rusiya vətəndaşının adından Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram”, - deyə İqor Korotçenko bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
352
50
Mənbələr
Şərh ()
Bağla