AZ

"Ölkəmiz iqlim dəyişikliyinin qarşısının alınmasında öz töhfəsini əsirgəməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verib". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, dövlətimizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib: "Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması nəzərdə tutulub. Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəql olunmasıdır. Bu sahədə dövlətimiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib.

Artıq Qarabağ və Şərqi Zəngəzurda bir neçə su-elektrik stansiyası inşa edilərək istismara verilib. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planların ardıcıllıqla həyata keçirilməsi də diqqət mərkəzindədir. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çoxdur. Hər iki bölgənin kiçik çayları böyük hidroenerji potensialına malikdir".

Onun sözlərinə görə, Azərbaycan "yaşıl siyasətlə" bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edir: "Ölkəmiz, həmçinin bu istiqamətdə ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyənləşdirib. Günəş və külək enerji istehsalını artırmaq üçün bu sahəyə böyük məbləğdə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Dünyadakı enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq inkişaf etmiş ölkələrdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunması qarşıya qoyulan əsas məqsədir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bu sahədəki fəaliyyətinə böyük hörmət və etimadın bariz nümünəsidir. Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə bundan sonrada öz töhfəsini əsirgəməyəcəkdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
1
Mənbələr
Şərh ()
Bağla