AZ

İrəvan qarışdı: Ermənistanda qarabağlılar hakimiyyətə gəlir?

Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq. 

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq. Hər iki ölkədə bugünkü görüşlə bağlı ciddi gözlənitlər var.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, baş tutacaq görüşdən proseslərlə bağlı ciddi sıçrayış gözləmək doğru olmaz: 

“Bugünkü görüşlə birlikdə ikitərəfli formatda xarici işlər nazirləri ikinci dəfədir ki, görüşürlər. Bütün hallarda birbaşa təmaslar və danışıqlar müsbət dəyərləndirilir. Amma bu görüşdən proseslərlə bağlı ciddi bir sıçrayış olacağını söyləmək doğru olmaz. Hər iki tərəfdən verilən açıqlama ondan ibarətdir ki, bu proseslərin irəliyə aparılması ilə bağlı müəyyən detallar və konkret məsələlər üzərindən irəlilətməyə çalışılacaq. Nəzərə alsaq ki, delimitasiya-demarkasiya prosesi də başlanıb və kifayət qədər uğurlu davam edir. Məhz bu səbəbdən, Almatı görüşündə də pozitivlər irəliləyişlər olacaq. Bütün hallarda Qazaxıstan tərəfinin bu təşəbbüsü və görüş üçün şərait yaratması müsbət məqamdır. Proseslər normal axarı ilə davam etsə, ilin sonuna qədər ən azından müəyyən çərçivə sənədi imzalana bilər”.

Politoloq Ermənistanda baş verən aksiyaların prosesə təsirindən də bəhs edib:

“Təbii ki, Ermənistanda hər zaman revanşist qüvvələr olub. Bu proseslərin başında həmişə erməni kilsəsi dayanıb. Bu uzun müddət pərdələnsə də, artıq real görüntü üzə çıxıb. Çünki siyasi müxalifət artıq marjinal qüvvəyə çevrildiyindən Paşinyan hakimiyyətinə ciddi təsiri yoxdur. Məhz bu baxımdan Ermənistanda əhalini hakimiyyət əleyhinə qaldırmaq üçün kilsə özü birbaşa təşkilatçılıq rolunu üstləndi və keçmiş “Qarabağ klanı”nı hakimiyyətə qaytarmaq üçün özü ortaya çıxdı. Heç təsadüfi deyil ki, Paşinyanın özü də bu aksiyaların təşkilatçısının erməni kilsəsi olduğunu söylədi. Paşinyan, əslində, bu məsələni qabartmaqla erməni cəmiyyətinə bir mesaj verdi və bildirdi ki, erməni kilsəsi “Qarabağ klanı” ilə birgə hərəkət edir. Ermənistanda isə bu klana münasibət kifayət qədər neqativdir. Bu səbəbdən də Paşinyan 2020-ci ildə düşdüyü ağır vəziyyətdə belə, keçirilən seçkilərdə qələbə qazandı. Dünən keçirilən mitinqlərdə Paşinyana istefa üçün vaxt verildi, bu gün isə parlamentdə ona qarşı impiçment olacağı ilə bağlı bəyənat verilib. Lakin düşünürəm ki, bu uğursuz olacaq. Çünki Ermənistan parlamentində 3-də 2-dən artıq səs hakim partiyadadır. Bu baxımdan aksiyaların Paşinyanın siyasətinə ciddi təsir göstərəcəyini düşünmürəm”. 

Qeyd edək ki, bu gün səhər saatdan etibarən İrəvanda hakimiyyət əleyhdarları müddətsiz mitinqlərə başlayıblar. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
50
Mənbələr
Şərh ()
Bağla