AZ

Milli neft şirkətinin yüksəliş marafonu

 Yanvar–mart aylarında 1,9 milyon ton neft və 2 milyard kubmetr qaz hasil edilib

Dünyanın enerji bazarında müşahidə edilən qeyri-sabitliyə, həmçinin qlobal iqtisadi fəallığın zəifləməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin ilk rübünü uğurla başa vurmağa nail olub. Hesabat dövrü ərzində əldə edilən uğurlara isə şirkət üzrə idarəetmənin təkmilləşdirilməsi, müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlılığının gücləndirilməsi və əməliyyat səmərəliliyinin artırılması sayəsində nail olunub. Bu kimi müsbət amillərin nəticəsidir ki, 2024-cü ilin ilk rübündə SOCAR-ın əsas istehsalat göstəricilərində müsbət tendensiya müşahidə olunub. Səmərəli fəaliyyət istehsalat göstəricilərinə də öz müsbət təsirini göstərib.

Hazırda ölkəmizin quru və dəniz əraziləri üzrə 50-dən artıq yataqda bey­nəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologi­yalardan istifadə edilməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və qazma işləri aparılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, ölkədə neftçıxarmanın sabit sax­lanması, qaz hasilatının isə artırılması istiqamətində tədbirlər cari ilin birinci rü­bündə də davam etdirilib. Belə ki, hesa­bat dövründə SOCAR tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqa­yisədə bir qədər azdır. 

2023-cü ilin yanvar-mart aylarında şirkət tərəfindən 1 milyon 884 min 502 ton neft və 1 milyard 985 milyon 942 min kubmetr qaz hasil olunub. Konsorsium iştirakçıları ilə birlikdə istismar olunan “Azəri-Çıraq-Günəşli” yataqlar blokun­dan, eləcə də “Şahdəniz” və digər ya­taqlardan çıxarılan həcmlər də nəzərə alınmaqla hesabat dövründə ölkə üzrə, ümumilikdə, 7 milyon 257 min 208 ton xam neft və 12 milyard 577 milyon 434 min kubmetr qaz istehsal edilib. İlin əv­vəlindən ölkə üzrə neft hasilatında cüzi azalma qeydə alınsa da, qaz istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisə­də 3,4 faiz artıb. 

Yeri gəlmişkən, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnforma­siyası Administrasiyasının hesabatına əsasən, cari ilin birinci rübündə Azərbay­canda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub. Məlumata görə, bu göstərici 2023-ci ilin birinci rü­bündə 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rüblərin­də isə 490 min barel təşkil edib. Xatırla­daq ki, bu ilin mart ayında respublikada gündəlik neft (kondensatla birlikdə) ha­silatı 605 min barel olub. Bunun da 481 min barelini xam neft, 124 min barelini isə kondensat təşkil edib. 

Bir məqamı da qeyd edək ki, Azər­baycan “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının iştirakçısıdır. “OPEC+” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gün­dəlik 551 min barel müəyyən eidlib. 

Xam neftin və təbii qazın dünya ba­zarlarına çıxarılması məqsədilə şaxələn­dirilmiş boru kəmərləri sisteminin ya­radılması və müvəffəqiyyətlə istismar olunması ölkə neft sənayesinin şək­siz üstünlüklərindəndir. Azərbaycanın şaxələndirilmiş ixrac sisteminin uğurlu fəaliyyəti əvvəlki dövrlərdə olduğu kimi, 2024-cü ilin yanvar-mart aylarında da davam edib. Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 3 milyon 911 min 173 ton ton xam neft ixrac olunub. Xatırladaq ki, bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkə­mizdə fəaliyyət göstərən beynəlxalq kon­sorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məx­sus mənfəət payları da daxildir. 

Qaz ixracına gəldikdə isə, cari ilin bi­rinci rübündə Azərbaycandan, ümumilik­də, 10 ölkəyə 6 milyard 479 milyon 755 min kubmetr təbii qaz nəql olunub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. 

Son illər ölkə əhalisinin “mavi yana­caq”la təminatının daha da yaxşılaşdı­rılması üçün mühüm tədbirlər həyata keçirilir, indiyədək qaz almayan yaşayış məntəqələrində lazımi infrastruktur yara­dılır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2023-cü ildə SOCAR-ın “Azəriqaz” İsteh­salat Birliyi tərəfindən regionlarda 400 ki­lometrə yaxın müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib. Bununla yanaşı, isteh­lakçıların qaz təchizatının yaxşılaşdırıl­ması və texniki qaz itkilərinin azaldılması məqsədilə 270 kilometrə yaxın müxtəlif diametrli qaz kəmərləri əsaslı təmir olu­nub. İl ərzində “Azəriqaz”ın daxili maliyyə resursları hesabına müxtəlif bölgələrdə 111 yaşayış məntəqəsi və yeni yaşayış massivi qazlaşdırılıb. Bütün bu işlərin nəticəsidir ki, ölkə üzrə qazlaşdırmanın səviyyəsi getdikcə artır. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə Azərbaycanda qaz şəbəkəsinin əhatə coğrafiyası 62,2 faiz təşkil edirdisə, artıq bu göstərici 96,4 faizə çatıb. Bu da 14 il ərzində 34,2 faiz artım deməkdir. Yeni yaşayış məntəqələ­rinin “mavi yanacaq”la təchizatı isə öz növbəsində ölkə üzrə qaz istehlakının artmasına səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, son 1 ildə ölkədə 60 mindən çox yeni abonent qeydiyyata alınıb. Bununla da, “mavi yanacaq”dan istifadə edən abonentlərin ümumi sayı 2 milyon 500 mini ötüb. SOCAR-ın rüb­lük hesabatına əsasən, cari ilin birinci rübündə ölkə üzrə 4 milyard 930 milyon 836 min kubmetr təbii qaz istehlak edilib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb.

Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsul­larının ixracatçısı kimi tanınır. Son illər ölkəmizin neft emalı kompleksində bir sıra yenidənqurma işləri həyata keçirilib ki, bu da neft məhsullarının istehsalının artırılmasına və keyfiyyətinin yaxşılaşdı­rılmasına səbəb olub. Cari ilin birinci rü­bündə SOCAR-ın Azərbaycandakı emal kompleksində 1 milyon 654 min 301 ton neft emal olunub ki, bu da ötən ilin müva­fiq dövrü ilə müqayisədə bir qədər çox­dur. Hesabat dövründə ölkə üzrə, həm­çinin 923 milyon 702 min 845 kubmetr təbii qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrünün göstəricisini 3,5 faiz üstələyib. 

İlin ilk rübündə SOCAR-ın Azərbay­candakı müəssisələrində istehsal olu­nan 495 min 518 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici ölkələrə ixrac edilib. Bu sahədə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 faiz çox olub. 

Mirbağır YAQUBZADƏ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla