AZ

"Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün ölkələrdə bu və ya digər şəkildə çoxuşaqlılığın dəstəklənməsi həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, Azərbaycan da biruşaqlı, ikiuşaqlı ailə modelinə keçib: "Buraya uşaq pulunun verilməməsinin təsiri, şübhəsiz ki, var. El arasında "uşaqpulu" adlanan ödəniş - beynəlxalq təcrübəyə əsasən, hər bir uşağa ailəsinin gəlirinə əks mütənasib pul yardımıdır. Bəzi demoqrafik artımın olmadığı ölkələrdə ailədə uşaq sayı artdıqca, uşaqlar üçün müavinətlərin məbləği artırılır. Ancaq bəzi digər ölkələrdə, məsələn, Böyük Britaniyada uşaqların sayı 2-dən çox olduğu zaman, sosial yardım alan işsiz ailələrə uşaqlar üçün ödənilən müavinətlərin sayı artmır, dövlət yalnız iki uşaq üçün müavinət ayırır. Ailədə doğulan ilk yeni körpəyə görə isə hökumət, digər sosial müavinətlər də alan, işsiz valideynlərə birdəfəlik 500 funt sterlinq (təxminən 1070 manat) məbləğində ödəniş edir.

Uşaq pulu verilsə, bu, ailədə uşaq artımına birbaşa müsbət töhfə verəcək. Lakin, təkcə bu amil yetərli deyil. Yəni, Azərbaycanda ailələrdə uşaqların az olması təkcə uşaq pulunun verilməməsilə əlaqəli deyil. Ən vacib məsələ dünyada gedən ümumi tendensiyadır. Azuşaqlı ailə modeli bütün dünyada dəbdədir. Çünki insanlar daha rahat həyat istəyirlər. Çox uşaq ağır məsuliyyət deməkdir. İnsanlar bu məsuliyyətdən qaçırlar. Burada mənəvi dəyərlərin rolu böyükdür. Yəni, çoxuşaqlı ailə istəyiriksə, mütləq bunu bir mənəvi dəyər kimi təbliğ etməliyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla