AZ

Emin "ağına-qarasına baxmadan" komandadan ayrılsa, təəccüblənməyin!

Xatırlayırsızsa, ölkə kubokunun yarımfinalının "Qarabağ" - "Neftçi" matçından (4:1) əvvəl diqqətçəkən xəbər yayılmışdı.

Paytaxt təmsilçisinin mətbuat xidməti Emin Mahmudovun məşq zamanı topuğunda ağrılar hiss etdiyini və bu üzdən meydana çıxmayacağını bildirmişdi. Kapitanın adı ondan sonra keçirilən "Neftçi" - "Turan Tovuz" (3:0) və "Qarabağ" - "Neftçi" (5:0) matçlarında da iştirak ərizəsinə salınmayıb.
Mövzuyla bağlı "Football-plus.az"a daxil olan məlumata görə, kapitanın yoxluğu, sadəcə, zədəli olmasıyla bağlı deyil! Onun başqa "zədələri” də var...

Sən demə, Emin Mahmudovla "Neftçi" rəhbərliyi arasında "buz dağı" əmələ gəlib. Belə ki, kapitan oyunöncəsi afişalarda məhz onun şəklindən istifadə edilməsinə etiraz edib. Klubun kommunikasiyalar üzrə direktoru Aysu İbrahimlinin fəaliyyətindən narazı qalan futbolçu bunu gizlətmədiyindən rəhbərliklə münasibətlər korlanıb. Eminin konkret şikayəti isə komandanın məğlub olduğu matçlardan sonra da yekun nəticənin məhz onun fotosuyla yayılmasıdı. Oyunçu bunu özünün tənqid hədəfi göstərilməsi kimi başa düşür...
Qeyd edək ki, Mahmudov bu məsələni həll etməyi bacarıb. Klub artıq nə oyunöncəsi afişada, nə də məğlub olduqları və ya heç-heçə etdikləri matçlardan sonra futbolçunun şəklindən yararlanır.

Hadisələrin axarı Eminin komandayla bağlı nigarançılığıyla müşayiət edilir. Kapitan bir neçə yerli və legioner futbolçunu çıxmaq şərti ilə heyətdəkilərin əksərilə yola getmir. Çünki o, həm baş məşqçinin, həm də futbolçuların oyunlara ciddi yanaşmadığını düşünür. Mənbəmizin iddiasına görə, futbolçunun komanda yoldaşlarıyla münasibətləri də möhkəm deyil. O, ötən yay "Neftçi"ni tərk etmədiyi üçün peşman olub desək, yanılmarıq.

Qısası, Emin yay "transfer pəncərəsi"ndə "ağına-qarasına baxmadan" komandadan ayrılsa, təəccüblənməyin!

KƏNAN BAHADIR 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
football-plus.az

1Mənbələr