AZ

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Daha sonra geniş tərkibdə görüş keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.

İşğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən
“ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər
tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açıldığını vurğulayan Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, bizim müştərək yolumuz çox uğurlu olacaq.

Prezident İlham Əliyev bildirib ki, bu gün imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.

Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı
məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi
dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq

Prezident bildirib ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək: “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, - deyə Prezident vurğulayıb.

AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
40
vergiler.az

10Mənbələr