AZ

Bu gün Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edir - ŞƏRH

Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına böyük əhəmiyyət verir. Bu gün Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edir. Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi isə 28 iyul 2023-cü ildə təsis edilmişdir.

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına əsaslanır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda Slovakiyanın Baş nazirinin ölkəmizə səfərini məhz əlamətdar hadisə kimi qeyd etdi və bildirdi ki, bu səfərlə Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Bu gün Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Səfər çərçivəsində iki ölkə arasında bir çox mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

Görüşdə energetika sektorundakı əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümid edilir ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün böyük imkanlar yaradılıb.Prezident İlham Əliyev mətbuata bəyanatında deyib ki, Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, – deyə Prezident vurğulayıb.

Dövlət başçısı mətbuata bəyanatda ilk növbədə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bildirib ki, məhz bu sənəd Slovakiya-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda, tərəflər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara da start verilib. Bütün bunlar göstərir ki, Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə deyə bilərik ki, Baş nazir Robert Fitsonun ölkəmizə rəsmi səfəri ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
270
8
sesqazeti.az

10Mənbələr