AZ

“Bayer-04”ün seriyası 47 oyuna çatdı! - TURUN İCMALI

Mayın 2-də Avropa Liqasının (AL) yarımfinalına start verildi.

“Football-plus.az” xəbər verir ki, bu mərhələnin Roma və Marseldə keçirilən ilk oyunlarında ev sahiblərinin qələbə qazana bilməməsi diqqəti cəlb edən ilk fakt oldu. İtaliyada qalib gələn “Bayer-04”ün finalda oynamaq şansını artırdığını əminliklə qeyd etmək olar.

yarımfinal, ilk oyunlar
Roma - Bayer-04 0:2
Virts, 28. Andrix, 73.
Roma (İtaliya): Svilar, Karsdorp (Anxelinyo, 62), Mançini, Smollinq, Spinatsola, Kristante, Paredes (Baldantsi, 79), Pelleqrini, Əl-Şaaravi, Lukaku (Azmun, 79), Dibala (Abraham, 90+1).
Bayer-04 (Almaniya): Kovarj, Stanişiç, Tapsoba, Ta, Frimponq (Palasios, 88), İnkapye, Qrimaldo (Kossunu, 90+3), Caka, Adli (Hofmann, 77), Andrix, Virts (Tella, 77).

1/8 finalda “Qarabağ”a çətinliklə üstün gələn (2:2, 3:2) “Bayer-04” düz bir il əvvəl turnirin yarımfinalında “Roma” ilə qarşılaşmışdı. Onda Joze Mourinyonun rəhbərliyi altında çıxış edən paytaxt komandası bu rəqibinə evdə minimal hesabla qalib gəlmiş, Almaniyadakı cavab görüşündə isə hesab açılmamışdı. Ədalət naminəhəlledici oyunun ev sahiblərinin böyük üstünlüyü şəraitində keçdiyini, lakin Xabi Alonsonun komandasının bundan yararlana bilmədiyini də xatırladaq. Deməli, artıq bundesliqada ilk çempionluğunu rəsmiləşdirən leverkuzenlilər üçün qisas almaq fürsəti yetişmişdi. Hazırda Daniele De Rossinin rəhbərliyi altında oynayan “Roma”nın cari mövsümdə məğlubiyyət üzü görməyən “Bayer-04” ün inanılmaz seriyasını qırmaq ehtimalı heç də yüksək deyildi: bukmeker kontorları Almaniya çempionunu təbii olaraq cütün favoriti kimi göstərmişdilər. Maraq üçün onu da qeyd edək ki, Alonsonun komandası qitə arenasında sonuncu məğlubiyyətini (0:1) məhz ötən il mayın 11-də “Roma”dan almışdı.

Proqnozlar doğruldu: leverkuzenlilər bu dəfə İtaliya paytaxtında uduzmadılar. Uduzmaq nədi, evə inamlı qələbə ilə qaytdılar. Bir il əvvəl “Olimpiko”da Bove Abrahamın ötürməsi ilə romalıları finala çıxaran yeganə qolun müəllifi olmuşdu. Bu oyunçular mayın 2-də start heyətində görünmədilər. Belə gedişin De Rossinin səhvi olduğunu iddia etmək çətindi. Qeyd edək ki, hər iki futbolçu uzun müddət zədəli olduğu üçün start heyətindəki yerini itirib. “Canavarlar”ın heyəti onlarsız da güclü sayılır. Bir də ki, De Rossinin “Roma”sı Mourinyonun komandasından fərqli, hücumameyilli oyun sərgiləyir. “Sarı-qırmızılar”, nəhayət, leverkuzenliləri məğlub edən ilk komanda olmaq düşüncəsi ilə meydana çıxmışdılar. Lakin bir il əvvəlki taktika ilə oynamamaq meydan sahiblərinə baha başa gəldi. Riskli oyun sərgiləyən “Roma”nın müdafiədə yol verdiyi səhv hesabın açılmasına şərait yaratdı: Karsdopun itirdiyi topu ələ keçirən Qrimaldo 28-ci dəqiqədə Virtsi zərbə mövqeyinə çıxardı. Fasilədən sonra ev sahiblərinin topla daha çox oynayıb hücuma atılacaqları gözlənilirdi. Lakin bundan bir nəticə hasil edə bilmədilər. Bu azmış kimi, Andrixin 73-cü dəqiqədə “paraşüt” zərbəsi topun qapıdan keçməsi ilə nəticələndi. İtaliyalıların çoxsaylı cəhdləri müdafiədə daha diqqətli oynayan rəqibə bir qol vurmaq imkanı yaratdı. Lakin son dəqiqələrdə meydana çıxan Abrahamın baş zərbəsi dəqiq alınmadı.

Beləliklə, Xabi Alonsonun komandası “Roma”dan ötənilki məğlubiyyətin qisasını aldı. Əsas məsələ, təbii ki, finala çıxmaqdı. Bu suala isə Almaniyada cavab tapılacaq. Yeri gəlmişkən, “Bayer-04” avrokuboklarda sonuncu dəfə finalda 2002-ci ildə Çempionlar Liqasında oynayıb. Komandanın 22 illik həsrətə son qoymaq şansı daha da artı. Vurğulanası əsas fakt isə leverkuzenlilərin bu mövsüm bütün turnirlərdəki məğlubiyyətsiz seriyasını 47 oyuna (39 qələbə, 8 heç-heçə) çatdırmasıdı. Alonsonun komandası mövsümü “trebl” ilə başa vurmaq şansını da saxlayır.

Marsel - Atalanta 1:1
Mbemba, 20 – Skamakka, 11.
Marsel (Fransa): P.Lopes, Kloss (Merlen, 65), Mbemba, Murilyo (Ndiaye, 72), Balerdi, Harit (Unay, 72), Veretu, Kondoqbiya, Sarr (Mumbanya, 65), Luis Enrike, Obameyanq.
Atalanta (İtaliya): Musso, Skalvini, Cimşiti, Rucceri, Kolaşinats (Paşaliç, 16), Zappakosta (Hatebur, 85), Ederson, De Roon, Koopmeyners, De Ketelare (Mirançuk, 84), Skamakka (Lukman, 59).

Əvvəlki mərhələdə “Benfika”nı mübarizədən kənarlaşdıran “Marsel”in yarımfinaldakı rəqibi qitə nəhənglərinin sırasına daxil deyil. Buna baxmayaraq, “Atalanta”ya qarşı saymazyana münasibətdən söhbət belə gedə bilməzdi. Berqamoluların 1/4 finalda “Liverpul”un qarşısını kəsməsi, İngiltərə nəhəngini “Enfild”də böyük hesabla (3:0) məğlub etməsi faktını yada salmaq onlara qarşı oynamağın nə dərəcədə çətin olduğunu təsəvvür etmək üçün kifayət idi. Fransa və İtaliya klubları Avropa arenasında əvvəllər qarşılaşmamışdılar. İndiyədək AL-in (UEFA kubokunun) finalında üç dəfə (1999, 2004, 2018) oynayan “Marsel” apenninlilərə qarşı son 5 ev oyununda yalnız bir qələbə qazana bilmişdi (1 heç-heçə, 3 məğlubiyyət). “Atalanta” isə Fransaya yeganə səfərindən qənaətbəxş nəticə ilə dönmüşdü: 2017-ci ildə Lionda eyniadlı rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Maraqlıdı ki, cümə axşamı “Velodrom”da məhz bu hesab qeydə alındı. Qonaqlar 11-ci dəqiqədə hesabı açdılar. Koopmeynersin ötürməsini dəqiq tamamlayan Skamakka bu mövsüm AL-də 6-cı qolunu vurdu. Amma onun və komandasının sevinci çox da çəkmədi: 9 dəqiqə sonra müdafiəçi Mbemba Kondoqbiyanın ötürməsi ilə fransalıların cavab qolunu reallaşdırdı. Ev sahibləri fasiləyə üstün durumda yollana bilərdilər. Lakin turnirin ən yaxşı bombardiri olan hücumçu Obameyanq qapıçı ilə təkbətək qaldığı epizodu boşa verdi.

İkinci hissədə top Mussonun qoruduğu qapıdan bir daha keçdi. Lakin Sarrın vurduğu qol ona ötürməni verən Luis Enrikenin ofsaydda olmasına görə hesaba alınmadı. Unayın uzaqdan endirdiyi zərbədən sonra topun qapı çarpazına dəyməsi də “Atalanta”nın bəxtinə yazılmalıdı. Can Pyero Qasperininin komandası son dəqiqələrdə fəallaşsa da, Lukman ilə Mirançukun zərbələri qeyri-dəqiq oldu. Beləliklə, bu cütdə qalibin kimliyinə İtaliyada keçiriləcək cavab oyununda aydınlıq gələcək.

Cavab oyunları mayın 9-da keçiriləcək.
Bombardirlər: Obameyanq (Marsel) – 10, Lukaku (Roma) – 7, Skamakka (Atalanta), Joao Pedro (Brayton) - 6.

Oyundan sonra
Daniele De Rossi, “Roma”nın baş məşqçisi:
“Leverkuzenlilərin nə dərəcədə güclü olduqlarını əyani şəkildə gördük. İlk hissədə nəzərdə tutduğumuz üslubda oynadıq, rəqibin əks-hücumlarının qarşısını almalıydıq. Hərdən nəticəni detallar müəyyənləşdirir. Özümüz qol vura bilmədik, belə rəqiblə oyunda hesabda geri düşürsənsə, qalan vaxtda vəziyyəti düzəltmək çətinləşir. Cavab oyununda qəhrəmanlıq göstərməyə məcbur olacağımızı anlayırıq: bu mövsüm məğlub olmayan komandaya səfərdə azı 2:0 hesabı ilə qalib gəlməliyik. Almaniyada ilk hissədəki oyunumuzu sərgiləməli və hücuma daha çox meyl etməliyik. Ola bilsin ki, səfərdə rəqibin müdafiəsini yara biləcəyik, onda çox şey dəyişə bilər. Bu gün olduğu kimi, həlledici matçın son dəqiqəsinə qədər mübarizə aparacağıq. Təəssüf ki, final fiti ərəfəsində qollardan birinin əvəzini çıxa bilmədik”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Ciddi və ehtiyatlı oyun idi. Rəqibin də qol vurmaq imkanları oldu. Hesabı açmaqla qalan vaxtda öz gücümüzə əminliyimizi artırdıq. İkinci hissədə də qapımızı toxunulmaz saxladıq. Ehtiyatı əldən verməyəcəyimiz halda növbəti şansımızın olacağını bilirdik. 2:0 yaxşı nəticədi, odu, ki evə xoş hisslərlə qayıdırıq. Bu mövsüm nail olduqlarımız böyük nəticədi. Çox yüksək səviyyədə olan keyfiyyətli oyunçularımız var. İndiyəqədərki uğurlarımızla kifayətlənmək fikrindən uzağıq, mövsümün sonuna qədər belə ruhda davam etmək lazımdı”.


Jan-Lui Qasse, “Marsel”in baş məşqçisi:
“Nəticədən razı deyiləm. Ona görə ki, matçı 2:1 hesablı qələbə ilə başa vurmaq üçün iki-üç şansımız oldu. Bu şanslardan yararlana bilsəydik, nəticə bizi qane edərdi. Amma hələ ki yolun yarısını arxada qoymuşuq və İtaliyadakı oyunda var gücümüzü meydanda sərf etməyi düşünürük. Bu gün rəqibə çətin anlar yaşatmaq gücündə olduğumuzu göstərdik”.


Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Skamakkanın qolu əla alındı: o, gözəl ötürməni vaxtında dəyərləndirdi. Belə oyunlarda lazımi qədər qol vəziyyəti yaratmağın vacib olduğu aydın məsələdi. Berqamodakı cavab görüşündə bunu mütləq etməliyik. Çünki bu oyunda hesabı açandan sonra yalnız son dəqiqələrdə təhlükəli hücumlar qurmağa başladıq. İşimiz çətin oldu, amma yaxşı nəticə əldə etdik. “Marsel” son bir ildə öz meydanında yalnız bir dəfə uduzub. Rəqib bu gün uğurlu nəticə üçün əlindən gələni etdi. Güclü komandaya səfərdə uduzmamaq bizim üçün qənaətbəxş nəticədi. Cavab görüşündən əvvəl üstünlük qazanmışıq, lakin “Marsel”in əks-hücumlarına xüsusi diqqət yetirməliyik. Xüsusilə hücumda keyfiyyətli oyun göstərmək lazımdı. Azarkeşlərimizdən böyük dəstək alacağıq, onların qarşısında daha yaxşı oynamalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
Mənbələr
Şərh ()
Bağla