AZ

ABŞ-nin Rusiya ilə davamlı qarşıdurma siyasəti

ABŞ Ukraynaya əlavə yardım strategiyası hazırlayır və bu strategiya iyunun 8-dək Konqresə təqdim edilməlidir. Strategiya üzərində iş ABŞ və Ukrayna arasında onillik təhlükəsizlik sazişinin müzakirələri fonunda aparılır. Kiyevə hərbi dəstəyin tərəfdarları onu təkcə indiki deyil, həm də gələcək ABŞ administrasiyalarının müdafiə siyasətinin prioritetlərindən birinə çevirməkdə qərarlıdırlar.

Kiyevə 61 milyard dollarlıq hərbi yardımın təsdiqlənməsi Ukraynaya əlavə maliyyə ayrılması tərəfdarları və əleyhdarları arasında mübahisəni dayandırmayıb. Amerikalı qanunvericilər ABŞ-ın bu münaqişədə son hədəflərinin nə olduğunu müzakirə etməyə başlayıblar. ABŞ KİV-i yazır ki, Ağ ev Ukrayna ilə bağlı yeni strategiya hazırlayıb. Bu strategiya bir neçə ili əhatə etməli və spesifik milli təhlükəsizlik məqsəd və prioritetlərini müəyyənləşdirməlidir. Yeni Ukrayna strategiyasının Konqresə iyunun 8-dək təqdim ediləcəyi gözlənilir. Ancaq belə iddia olunur ki, respublikaçıların əksəriyyəti Kiyevi maliyyələşdirmə tərəfdarlarına qarşı yeni “cəbhə” açacaqlar. Bu həftə Vaşinqtonun hazırkı Ukrayna kursunun ən barışmaz əleyhdarları – respublikaçılar Mett Qeyts və Marjorie Taylor Qrin partiya üzvləri, Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Consona hücumları yenidən bərpa ediblər.

Ukrayna strategiyası ətrafında davam edən müzakirələri nəzərə alaraq, ABŞ müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində iştirak edib. Qanunvericilərin suallarını cavablandıran Pentaqon rəhbəri əvvəlcə onları əmin edib ki, Bayden administrasiyası Kiyevə dəstəyin aktuallığını vaxtında əsaslandırmağa hazır olacaq. Onun sözlərinə görə, artıq strategiya üzərində iş başlanıb. Lakin ABŞ administrasiyası tərəfindən hazırlanan hesabatın dəqiq hansı müddəalardan ibarət olacağı sualından yayınan Lloyd Ostin Vaşinqtonun məlum siyasi bəyanatlarını təkrarlamağa üstünlük verib: “Bizim Ukrayna üçün məqsədimiz onun demokratik, müstəqil, suveren, özünü müdafiə etmək və gələcək təcavüzün qarşısını almaq qabiliyyətinə malik dövlət olmasıdır”. Rusiya ilə gələcək sülh danışıqlarına gəlincə, Pentaqonun rəhbərinin sözlərinə görə, onların şərtləri və vaxtı ilə bağlı qərarı Vaşinqton deyil, Kiyev verməli olacaq. “Bu tip münaqişələrin əksəriyyətində olduğu kimi, bu münaqişə də bir növ danışıqlarla yekunlaşacaq. Əgər bu, baş verərsə, biz Ukraynanın öz məqsədlərinə çatmaq və düzgün danışıqlar aparmaq üçün ən yaxşı vəziyyətdə olmasını istəyirik”, – deyə o bildirib. Ukrayna silahlı qüvvələrinin diqqət yetirməli olduğu vəzifələri sadalayan Lloyd Ostin onları “əlavə təzyiq göstərmək” üçün Krıma hücumları genişləndirməyə və həmçinin “Qara dənizə çıxışı” saxlamağa çağırıb: “Ukrayna Silahlı Qüvvələri, həmçinin Rusiyanın kiçik hücumlarını genişləndirdiyi və daha geniş hücuma keçməyə ça-lışdığı şimal və şərqdə də cəbhə xəttini müdafiə etməlidir”.

Lakin Lloyd Ostini dinlədikdən sonra Ukraynanın davamlı maliyyələşdirilməsinə qarşı çıxan respublikaçılar məyus olduqlarını gizlətməyiblər. Müzakirələrdə iştirak edən konqresmen Skott Desjarlais (Tennessi ştatından olan respublikaçı) deyib ki, prezident Baydenin Kiyevə silah və hərbi texnikanın tədarükü üçün yeni büdcə ayırmalarının zəruriliyini əsaslandıran aydın Ukrayna strategiyası yoxdur. Onun sözlərinə görə, Lloyd Ostinin bəyanatlarında “Ukraynadakı endşpil” ilə bağlı ona verilən suallara cavab yoxdur.

Vaşinqtonun gələcək Ukrayna strategiyasının müzakirəsi ABŞ və Ukrayna arasında onillik təhlükəsizlik sazişinin imzalanması ilə bağlı danışıqlar fonunda gedir. ABŞ Dövlət Departamentinin çərşənbə axşamı verdiyi məlumata görə, “Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının nümayəndələri ukraynalı həmkarları ilə uzunmüddətli ikitərəfli təhlükəsizlik sazişi üçün mühüm əhəmiyyət kəsb edən məsləhətləşmələrin davam etdirilməsi barədə razılaşıblar”. Dövlət Departamenti qeyd edib ki, 32 ölkə bu cür sazişləri imzalamağa hazır olduğunu bəyan edib və onlardan 9-u artıq Kiyevlə öz müqavilələrini imzalayıb. Xatırladaq ki, danışıqlardan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftənin sonunda ABŞ-la gələcək sazişin Ukraynanın digər müttəfiqlərlə bağladığı və ya imzalamaq üzrə olduğu bütün oxşar sənədlərin “ən güclüsü” olması barədə bəyanatı səslənib.

S.ELAY 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
25
Mənbələr
Şərh ()
Bağla