AZ

Villaş-Boaş “Portu”nun yeni prezidenti oldu!

Andre Villaş-Boaş artıq 23 yaşında məşqçi karyerasına başladı, 10 il sonra isə “Portu”nun “sükanı arxasına” keçdi.

“Football-plus.az” xəbər verir ki, onda portuqaliyalını qitənin ən perspektivli məşqçisi sayırdılar. Bundan başqa, vətənində yalnız bir mövsüm çalışmaq kifayət etdi ki, “Çelsi”dən təklif alsın. Düzdü, həmin vaxtdan bəri portuqaliyalının karyerası aşağı meyillənməyə başladı. Villaş-Boaş Abramoviçin klubu üçün yeni Mourinyo ola bilmədi, heç “Tottenhem”də də maraqlı nəsə göstərmədi. Ardından “Zenit”də, Çində, qeyri-sabit “Marsel”də çalışdı. Beləliklə, Villaş-Boaş heç cür böyük məşqçi ola bilmədi və artıq üç ildi bu sahədə çalışmır.

Andre bir müddət, ümumiyyətlə, “radarlardan itdi”, ancaq bir neçə gün əvvəl onun adı yenidən futbol Avropasının diqqətini çəkdi. Bəli-bəli, birvaxtların perspektivli mütəxəssisi seçkidə qalib gələrək “Portu”nun prezidenti oldu. Villaş-Boaş seçkidə son 42 ildə kluba rəhbərlik edən Pinto da Koştaya qalib gəldi, səslərin 80 faizindən çoxunu topladı.

Şəhərdə və klubda Andreni sevir, hörmət edirlər – komandanı çempionluğa və Avropa Liqasındakı 3-cü qələbəyə necə daşıdığını yaxşı xatırlayırlar. O, seçkidəki qələbədən sonra bunları dedi:
“Bütün azarkeşlərin tələblərinə tam cavab verəcəyimə ümid edirəm: qələbə, titullar qazanmaq, gələcəyin dayanıqlı klubunu yaratmaq istəyirəm. İrəlidə bizi böyük missiya gözləyir. Qayda-qanun yaratmalı olduğumuz evdə çətin iş görməliyik. Hər birimizə güclü və yenilənmiş “Portu” lazımdı. Kişiliyimizi qorumalıyıq ki, meydandan və ondan kənarda mübarizə aparaq, taleyin bizə hazırladığı yeri qaytaraq. Bu gün “Portu” yenidən azaddı”.


Kimə qalib gəldi?
Andre prezident postunda 86 yaşlı Pinto da Koştanı əvəz edəcək, seçki ərəfəsində klubun ultrası məhz onu dəstəkləyirdi. Da Koşta 42 il prezident oldu və bu müddətdə “Portu”nu Portuqaliya futbolunun əsl nəhənginə çevirdi. “Əjdahalar” onun gəlişinə qədər “Benfika” ilə “Sportinq“ə ciddi şəkildə uduzurdular.
“Portu” Da Koştanın prezidentliyi dönəmində 23 dəfə çempionatın qızıl medallarını qazandı, Çempionlar Liqasının, UEFA kubokunun, üç dəfə isə Avropa Liqasının qalibi oldu. Böyük uğurlardı, bu üzdən təəccüblü deyil ki, o, daim prezident vəzifəsinə yenidən seçilirdi. Da Koştanın “Portu”dakı prezidentliyi dünya futbol tarixində rekorddu.

Pinto yetərincə ağıllı siyasət yürüdürdü – baş məşqçiləri (o sıradan Villaş-Boaşı da) düzgün seçirdi, Latın Amerikasından olan futbolçuların top-klublara satışı ilə şərtlənən dayanıqlı model qurmuşdu, yeni stadion tikmişdi. Ancaq ona yönəlik suallar da var idi, xüsusən də son illərdə belə sualların sayı artmışdı. Klub maliyyə cəhətdən gəlirli müəssisə kimi görünsə də, borc içində üzürdü. Portuqaliya qəzetlərinin yazdığına görə, prezident və köməkçiləri agentlərə komissiya haqqı kimi böyük pullar xərcləyiblər və komandanın nəticələrindən asılı olmayaraq, özlərinə nəhəng məbləğdə mükafat yazıblar. Villaş-Boaş da məhz bu məqamdan yapışdı, yeni strategiya təklif etdi. Söhbət ilk növbədə maliyyə planında və akademiyanın tikintisində qayda yaratmaqdan gedir. Üstəlik klubun qadın və minifutbol komandası da yaradılır.

Andre prezident vəzifəsinə namizədliyini irəli sürməyə qərar verəndən sonra ciddi problemlərlə üzləşdi. Naməlum adamlar gecələr onun evinə məşəl atır, divarlara axmaq sözlər yazırdılar. Ancaq Villaş-Boaş dediyindən dönmədi və nəticədə bu mübarizədən qalib çıxdı. İstənilən halda, səslərin 80,3 faizinin ona verilməsi Da Koştanın yorulmasından və artıq camiənin klubun yeni yolla irəliləməsini görmək istəyindən xəbər verir.
Villaş-Boaş dünya səviyyəli məşqçi ola bilmədi. Ancaq kim bilir, bəlkə də həmin dönəm onun əfsanəvi prezident karyerasının proloqu idi...
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
football-plus.az

1Mənbələr