AZ

"Zəngəzur dəhlizinin açılmasını "istəməyən" ölkələr, indi ona "nəzarət" etmək üçün vurnuxurlar"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Ermənistanın işğalda qalan səkkiz kəndimizindən dördünün geri qaytarılması barədə qərarı sülh müqaviləsinin imzalanmasına olan ümidləri daha da artırdı. Heç şübhəsiz ki, Ermənistanın belə bir qərar qəbul etməsi onun səmimiyyətindən və ya sülh razılaşmasının əldə olunmasını istəməsindən deyil, Azərbaycanın sülhə məcburetmə tədbirlərinin nəticəsində meydana çıxdı. İkinci Qarabağ zəfərindən sonra Azərbaycan sülh danışıqları ilə bağlı təkliflərini irəli sürərək, müzakirələrin birbaşa olaraq iki tərəf arasında aparılmasının müsbət nəticənin əldə olunmasını sürətləndirəcəyini bəyan edirdi. Lakin Paşinyan höküməti regionda öz marağı olan qüvvələrin təsiri ilə müxtəlif platformalarda müzakirələrin aparılmasını, daha doğrusu sülhün əldə olunmasını uzatmağa çalışırdı". Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini, politoloq Yalçın Hacızadə danışıb. Politoloqun sözlərinə görə, Azərbaycanla olan sülh danışıqlarını Rusiya-Ermənistan, Qərb-Rusiya müzakirələri ilə şaxələndirməyə və belə gərginlikdən faydalanmağı planlayırdı. Ancaq 2023-cü ilin aprel ayında Laçın sərhəd keçid məntəqəsinin yaradılması, sentyabrında 1 günlük lokal antiterror əməliyyatının keçirilməsi və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidən vaxtından əvvəl çıxmaları, Fransanın bizə qarşı qarayaxma kampaniyasının, beynəlxalq təsir formalaşdırma cəhdlərinin uğursuz olması Ermənistanda kənar qüvvələrə olan ümidin faydasız olduğunu göstərdi. Yalçın Hacızadə Politoloq hesab edir ki, bu ilin 5 aprel tarixində Ermənistan Baş naziri ilə Avropa İttifaqı komissiyasının prezidenti və ABŞ-ın dövlət katibi arasında olan görüşdə Paşinyanın istədiklərini ala bilməməsi, görüşdən əvvəl formalaşdırılmış “böyük dəyişiklik olacaq” eyforiyasının puç olması da Ermənistanın Azərbaycanla sülh danışıqlarına ikitərəfli müstəvidə başlaması üçün təsir edən faktorlardan oldu. Hal-hazırda Azərbaycanla Ermənistanın münasibətləri üç məsələnin müzakirəsi formatında - sərhədlərinin müəyyən olunması və işarələnməsi, sülh müqaviləsinin əldə olunması üçün danışıqların aparılması və kommunikasiya xətlərinin açılması istiqamətində aparılır. Yalçın Hacızadənin fikrincə, sərhədlərin müəyyən olunması və işarələnməsi ilə bağlı anklav kəndlərimizin və onlardan əlavə olaraq da heç bir siyasi və hüquqi əsası olmadan Ermənistana verilmiş torpaqlarımızın da geri qaytarılmasının şahidi olacağıq. Sərhədlərin müəyyən olunması istiqamətində atılan addımlar sülh müqaviləsinin də bu il ərzində imzalana biləcəyinə böyük ümidlər yaradır. “Ermənistanın işğal siyasətinin, yəni bizə qarşı torpaq iddialarının arxasında iki əsas faktor var – ermənilərin düşüncələri, yəni mifik Ermənistan və hüquqi baza, yəni Azərbaycanın torpalarını qanunlarında rəsmi şəkildə öz əraziləri kimi göstərmələri. Ermənistanın Baş naziri Paşinyan bu iki yanlış yanaşmanı aradan qaldırma istiqamətində addımlar atsa da, proseslər ləng gedir. Paşinyan erməni cəmiyyətini inandırmağa çalışır ki, “biz tarixi – mifik Ermənistandan real Ermənistana dönməliyik”. Eyni zamanda, Azərbaycana və Türkiyəyə qarşı qanunlarımızda göstərilmiş torpaq iddialarından əl çəkməliyik. Erməni cəmiyyətinin beyinlərinə yeridilmiş mifin, saxta tarixin tezliklə dəyişilməsini gözləməsəm də, konstitusiyalarında və digər qanunlarında qonşulara qarşı torpaq iddialarından imtina üçün tezliklə tədbir görəcəklərini ümid edirəm”-deyən politoloq hesab edir ki, ən çətin məsələ kommunikasiyalarla bağlı olan müzakirələrdir. Çünki bu məsələdə bir çox qüvvələrin toqquşan maraqları var. İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə olsa da, Rusiya və qərb ölkələri də dəhliz açıldığı zaman nəzarət etmək uğrunda mübarizə aparırlar. Yalçın Hacızadə vurğulayıb ki, son bir neçə ildir ki, regionumuzda baş verən dəyişikliklər dövlətimizin müəyyənləşdirdiyi və maraqlarına cavab verən xətt üzrə inkişaf edir. Regionumuzda yeni reallığı qəbul etmək istəməyən, sülhün əldə olunmasına mane olmağa çalışan bəzi qüvvələr "zərərsizləşdirilib". Onların regionla bağlı gözlənti və planları Prezident İlham Əliyevin formalaşdırdığı siyasət nəticəsində sıradan çıxarılıb. İradə Cəlil, Bizimyol.info

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla