AZ

"Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan xalqı dünyanın mədəni inkişafına böyük töhfələr verib". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

O bildirib ki, Azərbaycan cəmiyyəti formalaşandan bəri elə bir ərazinin sahibi olub ki, bu ərazidə bu gün azərbaycanlı dediyimiz əhali ilə yanaşı qeyri-azərbaycanlılar da yaşayıblar: "Qədim dövrlərdə İslama qədərki mədəniyyətimizdə həm atəşpərəstlik, həm də xristianlıq mövcud olub. Hər iki dinin uğurları burada yaşayan əhalini bir-birinə düşmən etməmişdir. Ən nəhayət, İslamın Azərbaycan xalqının taleyinə və tarixinə daxil olmasından sonra Azərbaycan xalqı vahid düşüncə sahibi kimi inkişaf edib və dünya mədəniyyətinə böyük töhfələr vermişdir.

Doğurdan da xalqımız tolerantdır. Multikultural dəyərlər bu xalqın qanında və canındadır. Həyatı boyu xalq, dövlət olaraq qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi əsas prinsipləri həmişə qoruyub saxlayıb. Böyük mədəniyyət mərkəzi olan bu ərazi həm də böyük təsərrüfat mərkəzi olub. İqlimi yumşaq olduğuna görə bol, bərəkətli çölləri, çayları Azərbaycan xalqına imkan verib ki, həmişə əlini dost üçün açsın, ehtiyacı olanlara kömək etsin. Bu da tarix boyu bizim xalqımızın adət-ənənəsində qonaqpərvərlik düşüncəsini birinci edib. Bu gün də xalq olaraq dünyanın ən qonaqpərvər xalqları sırasında yerimiz var. Azərbaycanın daxilində də mədəniyyətlərarası dialoqun olması, Azərbaycanda yaşayan insanların dil, din fərqi, düşmən münasibətlərinə gətirib çıxarmayıb. Əslində bu müxtəlif inanclara hər bir xalq tək öz inancına yox, qonşu xalqın dininə, məzhəbinə də böyük hörmətlə yanaşıb. Azərbaycan bu cəhətdən də nümunədir. Heç zaman dini məzhəb və dil baxımından insanlar arasında kiminsə digərinə yuxarıdan aşağı baxması halları olmayıb. Azərbaycanda kimlər yaşayırsa, Azərbaycan vətəndaşıdır və Azərbaycan qanunları da onları bir-birindən ayırmayır".

"Təsəvvür edin, ilk dəfə olaraq təkcə Cənubi Qafqazda, müsəlman şərqində yox, dünyada ilk qanunlardan biri Azərbaycan xalqına məxsusdur ki, 1919-cu ildə Azərbaycan Parlamenti seçkilərdə kişi və qadın bərabərliyi elan etdi. Halbuki, bu gün demokratiyadan bizə dərs demək istəyən Avropa ölkələrində bu qanun ikinci dünya müharibəsindən sonra qəbul olunub.

Azərbaycanda yaşayan insanlar təkcə din və dil fərqləri yox, ailə baxımından da nümunəvi ailələrlə üz-üzə gəlirlər. Azərbaycanda tarix boyu ailə müqəddəs sayılıb. Ailəyə böyük hörmət olub, ailənin başçısı ata-ana öyrədən, yol göstərən olub. Övladların da borcu həmin ailə başçılarının dediklərə riayət etmək olub. Azərbaycanda həmişə ailələr kiçik dövlətlər sayılır.

Bu kiçik dövlətlər də öz ailələrini uğurla idarə ediblər. 70 illik Sovet dövründə Sovet ideologiyası dinimiz, dilimiz, mədəniyyətimiz, bayramlarımızla bağlı nə qədər qadağalar olsa da xalq onları yaşatdı. Məscidlərimiz bağlı olsa da, müqəddəs münasibətlərimizi yaddan çıxarmadıq. Müqəddəs Qurani-Kərimi gizlətsək də, həmin otağa girəndə belə Quranın zəhmini, onun gücünü həmişə hiss etmişik. Bu mənada Sovet dövründən sonra Azərbaycan Dövlət müstəqilliyi bərpa etdikdən sonra ilk illərin çətinlikləri oldu. Azərbaycanın blokadaya alınması, torpaqlarımızın işğalı, iqtisadi çətinliklər, Qərbi Azərbaycandan minlərlə vətəndaşımızın qovulması və sair yaşandı. Sonda qalib gələn Azərbaycan xalqı oldu. Çünki Azərbaycan xalqı həmişə vahid xalq kimi çətinliklərlə üz-üzə gələndə qalib olub. Bu zaman hamı bir nəfər kimi birləşib.

Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qalib gəlməyimizin əsas şərtlərini göstərərkən qeyd edir ki, 10 milyonluq xalq "Dəmir yumruq" kimi birləşdi. Xalq və iqtidar birliyi yarandı. Bu birliyin nəticəsidir ki, Azərbaycan düşməni darmadağın etdi.

Azərbaycan həmişə bu birliklə bağlı nümunə olub. 1993-cü ildə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqını vahid qüvvə şəklində birləşdirməklə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. 1993-cü ildən sonra Azərbaycan bütün çətinlikləri keçdi. Bu gün dünyanın ən inkişaf etmiş dövləti olan Azərbaycana çevrilmişik.

Azərbaycandakı xalqların bir-birinə münasibəti dünyaya nümunədir. ABŞ başda olmaqla Qərb Azərbaycana böhtanlar atır. Bu böhtanlar dənizdən bu tərəfə gəlib keçə bilməz. Çünki biz xalq, dövlət olaraq nümunəyik. Dini düşüncə baxımından Azərbaycanda yaşayan xalqların münasibəti onu göstərir ki, həmin müsəlman, xristianlar bərabərlik görüb. Bu gün də dini, dövlət tədbirlərində birlikdə iştirak edir, Azərbaycanın uğurlarını təbliğ edirlər. Bu, dünyanın heç bir xalqına nəsib olmayıb, yalnız Azərbaycan xalqının uğurudur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla