AZ

"Əhali sayının azalması dünyanın mənfi mənada "trendidir"" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əhalinin sayının azalması zəmanənin mənfi mənada "trendidir"". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, bütün dünyada əhalinin qocalması, rifahının və sosial-iqtisadi vəziyyətinin artması, rahatlıq və komfortun çoxalması ilə əlaqədar insanlar daha uzunömürlü olurlar, xəstəliklərə qarşı ciddi mübarizə aparıldığına görə əvvəlki kimi uzunömürlülük 50-60 il deyil, 70-80 il, Yaponiya kimi inkişaf etmiş ölkələrdə isə 100 illə ölçülən yaşam tərzindən söhbət gedir.

Qocalmaq da obyektiv səbəb olaraq əhalinin çoxalmasının qarşısını alır. Bu proses Azərbaycanda da gedir. Azərbaycanda da uzunömürlülük artıq həyatımızın reallığını təşkil edir. Əhali əvvəlki kimi özünü ailəyə, övladlarına qurban vermir. Əksinə hər kəs özü üçün yaşamağa çalışır. Son illərdə həm də dünyadan gələn tendensiyalar var. Mənəmçilik, şəxsiyyəti sevmək, eqoizm, narsizim kimi bir çox cəhətləri də buraya əlavə etsək, gənclərimizin ailə qurub iki və daha artıq uşaq dünyaya gətirməsində böyük bariyerlər yarandı. Üstəlik subyektiv səbəblər də çoxdur. İqtisadi-sosial vəziyyət, normal iş yerlərinin azlığı, bütün dünyada olduğu kimi iş yerlərinin süni zəka ilə əvəzlənməsi və orada işləyənlərin ixtisara düşməsi, yaxud yeni iş yerlərinin canlı işçi qüvvəsinə ehtiyacı olmaması, Azərbaycan ailə modelində əsas rol oynayan kişilərin iş tapa bilməməsi kimi subyektiv səbəblər də var. Ən önəmlisi isə son illərin həm də orta və yuxarı təbəqənin nümayəndələrinin arasında belə gənclərin hərəkətsizlik, qidalanmada olan problemlər, ərzaq növlərinin, meyvələrin genetik dəyişdirilməsi, natural məhsulların azlığı, şəhər yerlərində, binalarda özünə qapanıb həyatını davam etdirən insanların sayının artması, energetik, spirtli içkilər, tütün məmulatlarına, narkotik maddələrə süni uyuşduruculara olan meyillilik, hərəkətsiz yaşam tərzi, "mən varamsa, dünya var" prinsiplərini üstün tutaraq özünü kino ulduzları kimi tənha, lakin xoşbəxt hiss etmək kimi məqamlar gənclərin ailə qurub ailənin məsuliyyətini dərk etmək kimi böyük problemlər yaradır.

Nəinki gənclər, həm də cavanların ailə quran zaman dünyaya uşaq gətirə bilməməsinin tibbi səbəblərini də bura əlavə etməliyik. Uşaqlıqdan cırıq, dəbdə olan paltarlar geyinib yaşam tərzi keçirən, əvvəlki illərə nisbətən xalqın milli-mənəvi dəyərlərində sağlamlıqla bağlı gələcək nəsilin artırılması üçün lazım olan gənclik həvəsi ilə bağlı bilgilərin yeni nəslə ötürülməməsi, gündə bir dönər, fastfood yeyən gənclərin sayının artması və sair səbəblər ailə qurub ata-ana olmaq məsələsində böyük problemlər yaradır.

İndi 80% xanımlarımız, ərə gedən qızlarımız təbii yolla uşaq doğmur. Əksinə əməliyyat vasitəsilə uşağını götüzdürür. Təbiətin də müəyyən mexanizmləri var. Əgər əziyyət çəkib uşaq dünyaya gətirmirsənsə, ana olaraq üç il süd gəlməyəcək. Öz uşağına süd verə bilmirsənsə, deməli, onu süni qidalanmaya məruz qoyacaqsan. Süni qidalar da genetik kodumuzu məhv edib. Son 30-40 ildə dünyaya gələn uşaqların böyük əksəriyyətinin nəsil artımında böyük problemə çevrilib. Bu problem getdikcə bizdə də aktuallaşır. Bununla bağlı ciddi araşdırmalara ehtiyac var. Dünyaya əməliyyatla gələn uşaqların normal ideoloji varlıq olaraq nəsil artımında iştirak edə bilməməsi dövrümüzün əsas problemidir.

Azərbaycanda digər bir faktor da əhalinin artımına mənfi təsir edir. Ermənistanla Azərbaycan arasında olan Qarabağ münaqişəsində 10 minlərlə şəhid verdik, yaraqlılarımız oldu. Bunların böyük əksəriyyəti gənclərimiz idi. Hansı ki, evlənib əhalinin artımına təsir göstərə biləcək, funksiya yerinə yetirməli idilər.

Qəbul edilmiş statistik fakt var ki, bir qadın 2,5 uşaq dünyaya gətirməlidir, əhalinin artımının normal olması üçün. Ölüm doğuşu üstələməsin. Amma Azərbaycanda və dünyada bu tendensiya getdikcə geriləyir. Bir qadın 1,1 və 1,5 uşaq dünyaya gətirir. Bu da əhalinin azalmasına səbəb ola bilər. Hələ biz gənc nəsilik, 60%-dan çox 29 yaşına çatmayan gənclərdən ibarət cəmiyyətik. Qonşu ölkələrdə bu baxımdan problem daha aktual və kəskindir. Hətta uzun müddət Rusiyanın demoqrafik problemini həll etmək üçün azərbaycanlıların rolu orada daha təsiredici idi".

"Bu problemi aradan qaldırmaq mümkündür?

Mübahisə və müzakirəyə ehtiyacı olan məsələdir. Çünki əgər ölkədə son 5-6 ayın statistik məlumatlarına baxsaq, əvvəlki illərə nisbətən 60%-a yaxın boşanma ilə nəticələnən rəsmi nikahlar varsa, ictimai nikahlarda münasibətlərin korlanması bundan da artıq ola bilir. Bu ailələrin çoxunda uşaq dünyaya gəlmirsə, gələn uşaqların böyük əksəriyyəti həm də xəstə doğulursa, bu da əhalinin artımına böyük mənfi təsir göstərir.

Biz nə qədər istəsək də, bunun qarşısını almaq qeyri-mümkündür. Çünki ekoloji, sosial-iqtisadi, gigiyenik faktorlar var, hərəkətsizlik, işsizlik, sosial, psixoloji gərginliklər var. Bütün bu səbəblər əhali artımına təsir göstərir.

Dünyada BMT-nin əhali fondu, o cümlədən Azərbaycanın müəyyən dövlət qurumları var ki, onlar əhali artımını populyarlaşdırmaq üçün addımlar ata bilərlər. Amma istənilən halda hələ ki, dünya yüklənib. Biz fikirləşirik ki, dünyanı yükləməmək üçün ən azı 2 uşağın dünyaya gəlməsi bəs edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla