AZ

"AŞPA qarşıdurmalara rəvac verir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabenin Azərbaycanın geri, AŞPA-ya yolu olmadığı fikri siyasi tərbiyəsizlikdir və hörmətli həmkarımız Səməd Seyidov bu ləyaqətsiz deputatın layiqli cavabını verərək onu haqlı olaraq siyasi terrorçu adlandırmışdır. Həqiqətən bu gün AŞPA və Şvaben kimi bədxah, əqidəsiz deputatlar Azərbaycanofob, türkfob və islamofob əməlləri, fikirləri ilə xalqımıza, Türk dünyasına qarşı əsl siyasi və mənəvi terror həyata keçirirlər”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, məhz buna görə də sözdə demokratiyadan, insan haqlarından, sülhdən, dövlətlərin suverenliyinə hörmətdən bəhs edən AŞPA əməldə dediklərinin əksinə gedir, haqqı, ədaləti ayaqlar altına atır, insanların taleyini pula satır, xalqların faciəsinə rəvac verir.

“Azərbaycan uzun illər Avropa Şurasının və onun Parlamentinin, bu qurumlarda təmsil olunan bir çox siyasətçilərin dönüklüyünü, əqidəsizliyini, satqınlığını öz taleyində yaşayıb, görüb və bu gündə görür. Şvaben kimilər AŞPA-nı şantaj və böhtan ocağına, gərəksiz bir quruma çeviriblər. “Azərbaycanda insan hüquqlarına və qanunun aliliyinə dair vəziyyət pisdir, ölkədə demokratik seçkilər keçirilmir, insanlar incidilir, təqib olunur” fikrini söyləyən Şvabelər Fransada müsəlman uşaqlarının məktəblərə buraxılmamasını, açıq aksiya keçirənlərə qarşı zor tətbiq edilməsini, Amerikada tələbələrin aksiyasının zorla dağıdılmasını, Ermənistandakı acınacaqlı vəziyyəti nədən görməməzliyə vururlar?

İkili standartlara arxalandıqları üçün AŞPA-nın qəbul etdiyi qətnamələrə, çağırışlara əksər ölkələr əhəmiyyət vermirlər. Çünki bu qətnamələr sifarişlə, pulla hazırlanır, beynəlxalq normalara, haqqa, ədalətə əsaslanmır. Avropa Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin mövqeyi dünyada sülhün, əminamanlığın, demokratiyanın bərpasına deyil, müharibələrə, münaqişələrə, siyasi və mənəvi terrora xidmət etdiyi üçün qəbuledilməzdir. Dövlətimizin rəhbəri və xalqımız bunu belə qiymətləndirir və Azərbaycana qarşı münasibət dəyişmədiyi halda müvafiq orqanlara münasibətlərə yenidən baxılması gündəmdə olacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla