AZ

“1 aylığa gedirəm”, dedi, dönmədi

“Bura neft və qızıl yataqları ilə zəngin ölkədir”
 

 Türkiyənin İsparta şəhərindən yola çıxıb qardaşına dəstək olmaq üçün Şərqi Timora səfər edən Ayhan Kırkar daha geri qayıtmayıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən İspartadan yola çıxmış Ayhanın niyə geri dönmədiyini oxuculara anladır. Ayhan Kırkar sağdır, vəfat etməyib. İtkin də deyil. Sadəcə, Türkiyəyə geri dönmək fikri yoxdur. Səbəb? İspartanın Senirkənd bölgəsində anadan olmuş Ayhan Kırkar ibtidai sinfi bitirdikdən sonra işləməyə başlayıb. Maddi ehtiyaclarını özü çalışaraq təmin edib. Hətta hərbi xidmətdə olarkən də ailəsindən heç bir maddi dəstək almayıb. Ayhan 1993-cü ildən bugünədək müxtəlif işlərdə çalışıb. Aşpazlıq, kababçılıq edib, kafe sahibi olub, marketdə çalışıb. Bir günsə qardaşı onu Şərqi Timora – öz yanına çağırıb, işlərində kömək etməsini istəyib. Ayhan da qardaşının istəyinə qarşı getməyib, “1 ay qalıb geri dönərəm”, fikri ilə yola çıxıb. Şərqi Timora gəldikdə isə fikri tamamilə dəyişib. Ayhan bir müddət orada qaldıqdan sonra qardaşı Kambocaya getdiyini söyləyib və Ayhana o qayıdanadək işləri idarə etməyi tapşırıb. Ayhana qardaşından qalan pansionat otağına bənzəyən bir mənzil və içərisində siçanların “oynadığı” yeməkxanaya oxşayan kirli bir məkan olub. Ayhan başa düşüb ki, qardaşı onu bilərək belə bir uğursuz yerdə qoyaraq qaçıb. Amma o, həvəsdən düşməyib. “Oturub, yaxşıca düşündüm. Bu, mənim özümü bir daha ailəmə təsdiqləmək, bacarıqlı olduğumu, pul qazanmağı bacardığımı sübut etmək üçün fürsətdir”, - deyən Ayhan o gündən etibarən qollarını çırmayıb işə başlayıb. Qardaşının “əmanət” qoyduğu uçuq-sökük, kirli yeməkxananı dirçəldib. Artıq 12 ildir Şərqi Timorda yaşayır. Yerli xalqla qaynayıb-qarışıb, xüsusiyyətlərini, dillərini öyrənib. “Bura neft və qızıl yataqları ilə zəngin ölkədir. Ticarət işi qurmaq, istehsalla məşğul olmaq istəyənlər gələ bilər. Qida, ərzaq, əşyalar, hər şey bura başqa ölkələrdən gətirilir. Burada iş qurmaq üçün geniş imkanlar var. Yaşamağa dəyər bir ölkədir. Amerika, Çin, Avstraliya və digər ölkələrin gözü burdadır. Xalq isə kasıbdır, uşaqlar yardıma möhtacdır. Bura iş qurmağa gələnlər, lütfən öz faydalarını düşündükləri kimi, xalqı da düşünsünlər”, - söyləyən Ayhan tək probleminin qida ilə bağlı olduğunu deyib: “Türkiyənin meyvə-tərəvəzi üçün darıxıram. Yeganə problemim budur. Amma Türkiyəyə bir daha qayıtmayacağam. Burada qalıb çalışacağam”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla