AZ

Paşinyana son döyüşündə tarixi fürsət

Rəngli inqilabların müəllifi olan güclər təşkil etdikləri inqilab tamaşalarından sonra hakimiyyətə gətirdikləri şəxslər də rəngarəng xarakterləri ilə seçilirlər. Əslində o rəngarənglik və ziddiyyətlilik həmin şəxslərin verdikləri qərarların onların iradələrinin qənaəti olmadığını, kənardan edilən diktələrin nəticəsi olduğunu göstərir. Ağaların və diktə edənlərin sayı artdıqca rənglərin çalarları və ziddiyyətin dərəcəsi də artır.

Nəzərə alsaq ki, göstərişi verənlər elə Qərbin özünün dildə təbliğ etdiyi dəyərləri deqradasiyaya uğratmaqla məşğul olan makronçuluğa, borrelizmə və şvabeologiyaya xidmət edir, artıq sözə ehtiyac qalmır. Sovetlər İttifaqından qopmaqla müstəqilliyinə qovuşduğunu düşünən 185 min kv.km-lik ərazisi olan Cənubi Qafqazı müstəqil deyil, əksinə sahibsiz görən Qərbdən olan bir sıra qüvvələr onu müxtəlif rənglərə boyaya bildi. Bu gün üç ayrı dövlətdən ibarət olan Cənubi Qafqazda hər üç ölkə xarakterinə görə fərqli rənglərdədir. Müstəqil siyasət yürüdən Azərbaycan, Qərbin oyunlarının ağır nəticələrini həm öz nümunəsində, həm də digər dövlətlərin timsalında görüb müstəqilliyi uğrunda mübarizə aparan Gürcüstan və hələ şimal və qərb qütbləri arasında qibləsini müəyyənləşdirə bilməyib iki istiqamət arasında var-gəl edən Ermənistan.

Cənubi Qafqazın ən son siyasi mənzərəsi budur. Gürcüstan Qərbin ona demokratiyaya, ərazi bütövlüyünün təmin olunmasına və inkişafına görə deyil, Ukrayna müharibəsində istəyinə nail olmadığı üçün Qara Dənizə və Rusiyaya qarşı hərbi obyekt kimi istifadə etməyə hazırladıqları Ermənistana giriş qapısı kimi baxdığını anlayıb artıq. Ona görə də bu giriş qapısına nəzarəti legitimləşdirəcək “Qərbin agentləri haqqında” qanunun qəbul edilməsinə Gürcüstan hakimiyyəti müstəqilliklərinin qarantı gözü ilə baxır.

Qurduğu məkrli oyunlarla öz üzünə Cənubi Qafqaza iki girişi - Azərbaycan və Gürcüstan qapılarını bağladan Qərbin yenə də ona real bir yardım edə bilməyəcəyini və Rusiyanın caynağlarında qalacağını anlayan Ermənistan da xaotik addımlar atır. Əsrlərdir ki, qurulan “Böyük Ermənistan oyununun” böyük sözünün Ermənistana və ermənilərə deyil, oyuna aid olduğunu, ermənilərin isə bu prosesdə alət seçildiklərini Paşinyan anlamağa başlayıb deyəsən. Bunu o, “Dəmir yumruğ”un 44 günlük ağır zərbələrindən tam anlamasa da, ondan sonra Azərbaycan tərəfinin atdığı düşündürücü addımlardan və onun rəhbəri Prezident İlham Əliyevin siyasi və diplomatik gedişlərindən anlamağa başladı. Xüsusilə də keçən ilin 19-20 sentyabr tarixlərində aparılan antiterror tədbirləri sanki, erməni Baş nazirini ürəkləndirdi.

Prezident İlham Əliyevin 23 saatlıq gedişi 44 gün ərzində olmadığı qədər Paşinyanı silkələdi, elə bil. Ya Vətən müharibəsində Ermənsitan ordusunun kapitulyasıiyasını özününkü deyil, sələflərininki hesab etdiyinə görəmi, ya da müharibədən sonra edilən bütün təxribatların məsuliyyətinin indiki Ermənistan hakimiyyətinin üzərinə düşməsi ilə bağlı Azərbaycan tərəfinin xəbərdarlığındanmı deyə bilmərəm, ancaq Paşinyan sentyabrdan sonra dəyişib. Adam tələsir, hətta bizdən də çox tələsir. Son ümidlərini dikdiyi 5 aprel görüşündə gözlədiyi qısa müddətdə veriləcək çoxmilyardlı yardımları deyil, uzun müddətə veriləcək azmilyonlu “qrant”ları görəndən sonra ovqatı lap təlx, sürəti isə daha da artıb.

2023-cü ilin 23 saatlıq “sentyabr dərsləri”ndən sonra artıq saxta erməni tarixindən, real Ermənistan tarixinə keçməyə çalışır Paşinyan. İşğaldan azad etdiyimiz torpaqlarda basdırdıqları minaların xəritələrini verməyən və ya uydurma xəritələri verən adam “sentyabr dərsləri”ndən sonra üçüncü tərəfin və silahların iştirakı olmadan kəndlərimizi minalardan təmizləyib bizə qaytarır. İmzaladığı bəyanatın legitim tələblərini yerinə yetirmək üçün Ermənistan cəmiyyətinə etməsək, “Azərbaycanın növbəti eskalasiyaya başlayacaq” və ya “Azərbaycan münaqişəni yenidən alovlandıracaq” kimi əsassız hədələrin hesabına olsa da bunu edir.

Bütün bunları edən “Zəngəzur dəhlizi”nin reallaşmasının da nə qədər həssas məsələ və zəruri layihə olduğunu da yəqin anlayır. Nikol Azərbaycanın əlində onun hakimiyyəti üçün Fransanın, Hindistanın, Yunanıstanın və hətta gələcəkdə ABŞ belə versə, onun da silahlarından daha dəhşətli və təhlükəli “Vardanyan” silahının olduğunu çox gözəl bilir. Ona görə də atdığı son addımları nə qədər Azərbaycanla sülh, Ermənistanın gələcək müqəddəratı və erməni xalqının inkişafı kimi avazı xoş ifadələrlə adlandırsa da əslində özünün hakimiyyəti uğrunda son savaşına hazırlaşır.

Paşinyanın son savaşı Ermənistan konstitusiyasına dəyişikliklə bağlı olacaq! Bu dəyişikliyə nail olacaqsa, o həm də Azərbaycanla sülhə nail ola bilər. Bununla o həm də özünün hakimiyyətini qoruyub saxlanmağa çalışır. Düşünürəm ki, Nikol Paşinyan Ermənistanın bədnam konstitusiyasına zəruri dəyişikliyə gedərkən bir vacib məqamı da unutmamalıdır. Əlinə tarixi fürsət düşmüşkən qərbi azərbaycanlıların özlərinə aid olan tarixi torpaqlarına ləyaqətli qayıdışını tələb edən müddəanı da qanuniləşdirməlidir. Çünki müharibədə məğlub olan və kapitulyasiya aktına imza atan Paşinyan hələ də Ermənistanda hakimiyyətdə olmasında Azərbaycanın rolunu anlayırsa, indiki tarixi torpaqlarına qayıdacaq yüzminlərlə qərbi azərbaycanlının ikimilyonluq Ermənistanda onun bu addımını unutmayacağını da anlamamış deyil.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
38
Mənbələr
Şərh ()
Bağla