AZ

Mövsümi olmayan meyvələr, yaxud öz pulumuza özümüzü necə ZƏHƏRLƏYİRİK? – Mütəxəssis RƏYİ

“Bu gün mövsümü olmayan çiyələyi, gilası, alçanı və s. mövsümündən əvvəl piştaxtalarda gördüyümüzü nəzərə alsaq, onun tərkibi barədə sual etməliyik. Bu gilas və yaxud alça hansı şəraitdə yetişdirildi ki, artıq bu gün piştaxtadadır”.

Bu sözləri İnterpress.az-a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov deyib.

O, yetişmə dövründən daha əvvəl satışdarast gəldiyimiz meyvə-tərəvəzin zərərləri barədə danışıb:

“Dəfələrlə şahidi olmuşam ki, eyni meyvə-tərəvəz aylardır piştaxtada olduğu kimi qalır. Məhsul əgər təbiidirsə, tərkibində GMO (geni modifikasiya olunmuş) yoxdursa, hər hansı bir kimyəvi çarpazlaşmadan əmələ gəlməyibsə, niyə xarab olmur?!  Atalarımızın bir misalı var: qurd yeyən meyvəni ye. Araşdırmaq lazımdır ki, bu məhsulların tərkibində nə qədər kimyəvi qatqılar var ki, onlara heç bir həşərat yaxın gəlmir.

Məsələ yenə GMO-da dayanır. Bu, bir bəladır və artıq səhiyyəmiz də bunun haqqında həyəcan təbili çalır ki, GMO-lu məhsullardan az istifadə edin. Fikir versəniz, bu gün satışda olan çiyələklər az qala alma böyüklüyündə və demək olar ki, hamısı standart ölçüdədr. Nə dadı olur, nə də qoxusu.

Toyuq broyleri olduğu kimi artıq meyvə-tərəvəzin də “broyler”i var. Hamısı bir-birinə oxşayır və günlərlə, aylarla xarab olmur”.

Daha sonra ekspert vaxtından əvvəl “yetişdirilib” bazaralara cıxarılan çiyələklərin hansı xəstəliklərə səbəb ola biləcəyinə toxunub.

“Artıq neçə gündür marketlərdə küçə və bazarlarda plastik qablarda satılan normadan böyük olan çiyələklərin satışına rast gəlirik. Bu cür çiyələklərin insan sağlamlığına hər hansısa bir faydasından söz gedə bilməz.

Təbii yolla yetişdirilməyən çiyələklərin tərkibinə vurulan kimyəvi maddələrin və gübrələrin normadan artıq olması insan həyatı üçün təhlükə sayılır. Ən maraqlı məqam odur ki, təbii yolla yetişdirilən çiyələkdən fərqli olaraq bu cür çiyələklərin 3-4 ədədinin çəkisi 0.5 kq olur. Günlərlə piştaxtada qalan bu çiyələk xarab olmur.

Mədə-bağırsaq, dəri həssalığı və allergiyası olan insanlarda bu tip meyvələrdən istifadə kəskin fəsadlarla nəticələnir. Əsasən Cəlilabad bölgəsində, istixanalarda yetişdirilib mövsümündən əvvəl satışa çıxarılan bu çiyələklərin saxlanma şəraiti və daşınması istehlakçılar üçün qaranlıq olaraq qalır”, – İlkin Şirinov vurğulayıb.

Qidaların yetişdirilməsində torpaq-günəş ünsürünün unudulmaq üzrə olduğunu deyən mütəxəssis insanlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edib:

“Bu gün Azərbaycan kəndlisinin GMO-lu məhsullara ehtiyacı yoxdur. Çünki torpağımızın altı da, üstü də qızıldır. Bu gün meyvə-tərəvəz yetişdirilməsində torpaq-günəş ünsürü artıq yaddan çıxıb.

Yaxın çevrəmizdəki insanlar arasında az qala hər 5 nəfərdən biri onkoloji xəstəlikdən əziyyət çəkir. Bu, həmin o kimyəvi qidalanmanın nəticəsidir”.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
interpress.az

1Mənbələr