AZ

Azərbaycanın dünyaya nümunə olan həmrəylik modeli

Müəllif: Elvin Səxavətoğlu

Hazırda dünyada mövcud olan xalqlar, dinlər və mədəniyyətlər arasında uçurum dərinləşməkdədir. Xüsusilə Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibəsi, Avropada artan islamofobiya, miqrant axını, təbii sərvətlər uğrunda çəkişmələr fonunda bu uçurum daha da dərinləşib.

Bu gün dünyada müxtəlif sivilizasiyalardan olan özək dövlətlər proksi güclər, dini təşkilatlar və etnik qruplar vasitəsi ilə bir-birinə qarşı müharibə aparır.

Məsələn, Yaxın Şərqdə yerləşən hər hansı bir dövlətin tərkibində yaşayan xalqlar bir-birinə düşmən münasibəti bəsləyir. Bu nifrətdən ən çox yararlanan isə həmin xalqların arxasında gizlənən böyük güclər olur.

Bunu bir növ sivilizasiyaların və mədəniyyətlərin toqquşması da adlandıra bilərik. Çünki qarşı-qarşıya dayanan xalqlar da, xalqları dəstəkləyən güclər də fərqli sivilizasiyalara və mədəniyyətlərə aid olurlar.

Son 200 il ərazində mədəni, dini və etnik fərqlilikləri dərinləşdirmək, xalqları bir-birinə düşmən etmək planı xüsusilə daha faciəvi nəticələrə səbəb olub.

Məsələn, Azərbaycan müstəqillik qazandığı ilk illərdə bu planı ölkəmizdə də həyata keçirməyə cəhd göstərmişdilər. Həmin dövrdə Azərbaycanda yaşayan müxtəlif etnik qruplar xarici güclərin təsiri ilə separatizmə meyillənmişdilər. Həmin etnik qruplar arasında ən aqressivi Qarabağda yaşayan ermənilər idi.  

Qısa müddət ərzində ermənilərdən başqa digər xalqlarla həmrəyliyə nail olundu. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan bütöv qaldı və xarici güclərin planı baş tutmadı.

Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyətinin əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlamağı bacardı.

Hazırda Azərbaycanda bütün xalqlar dostluq şəraitində yaşayır.

Bu səbəbdən, Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi nüfuzlu tədbirləri keçirmək təşəbbüsü ilə çıxış edə bilir.

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin bir ailə kimi yaşamasından danışıb.

Sitat: "Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir".

Dövlət başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.

Sitat: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb".

Göründüyü kimi, uzun illər işğaldan əziyyət çəkən, etnik separatçılığa cəhd edilən Azərbaycan dünyaya nümunə ola biləcək dövlət modeli qura bilib. Hazırda dünyada baş verən etnik qarşıdurmalar fonunda sülh və həmrəylik axtaran xalqların, dövlətlərin Azərbaycandan öyrənə biləcəyi çox şey var. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bu təcrübənin öyrənilməsi üçün faydalı platformadır.

Seçilən
35
41
Mənbələr
Şərh ()
Bağla