AZ

Sülh, təhlükəsizlik, ədalətin təmini üçün platforma - Dialoq Forumu

Azərbaycanda tarix boyu müxtəlif etnik qrupların nümayəndələri hər hansı ayrı-seçkiliyə məruz qalmadan vahid bir ailə kimi sülh, əmin-amanlıq içində yaşayıblar. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan əsrlər boyu yaratdığı tolerantlıq, qarşılıqlı hörmət, anlaşma kimi dəyərləri ilə həm də unikal bir təcrübə, nümunə ərsəyə gətirib. Azərbaycanda mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan hər zaman beynəlxalq sülhün bərqərar olmasına, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfələr verib. Bu mənada bir neçə gün əvvəl Bakıda keçirilən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal sülhə və təhlükəsizliyə növbəti böyük töhfə oldu. Qlobal məsələlərin müzakirə olunduğu Forumda 110 ölkənin nümayəndəsi dünyanın üzləşdiyi çağırışları müzakirə edərək onların həlli istiqamətində təklif və təşəbbüslərini irəli sürdülər. Forum artıq dünyanın dörd bir tərəfindən ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirən mühüm platformaya çevrilib.

Prezident İlham Əliyev Forumdakı nitqində bəyan edib ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Multikulturalizm Azərbaycan vətəndaşları üçün abstrakt məfhum deyil, bu, məhz bizim həyat tərzimizdir: "Biz, fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Təcrübəmiz göstərir ki, biz müstəqilliyin ilk illərində çox çətinliklər yaşadıq və bu vəziyyətdən çıxa bildik. Çünki o vaxt işğal var idi, çox iqtisadi və sosial çətinliklər özünü büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amil idi. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir".

Bu gün Azərbaycan həm də müstəmləkə tendensiyalarına qarşı mübarizə aparan ölkədir. Qoşulmama Hərəkatının sədri kimi də hər zaman bu məsələni gündəlikdə saxlayıb. Dövlət başçısının qeyd etdiyi kimi, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Yeni müstəmləkə tendensiyaları isə yenə də davam edir. Bu, əlbəttə ki, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil.

Azərbaycan bu il həm də çox mühüm bir tədbirə - COP29-a ev sahibliyi edəcək. Prezident Forumda deyib ki, öz rolumuzu körpülərin salınmasında görürük. COP29-un əsas mövzusu isə maliyyə məsələsi olacaq. Azərbaycan yaşıl gündəliyini də inkişaf etdirir. 2027-ci ilə qədər ölkəmizdə 2 qiqavat Günəş və külək enerjisi stansiyaları işə düşəcək və 2030-cu ilə qədər əlavə 5 qiqavat da istismara veriləcək. Bunun sayəsində bərpaolunan enerjini elektrik enerjisi istehsalında istifadə etmək üçün imkan yaranacaqdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mövzu ilə bağlı deyib ki, bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir. Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məqsədə xidmət edir. Forumun "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusuna həsr olunması da ölkəmizin dünyada sülh və əməkdaşlıq naminə təşəbbüslərinin ifadəsidir.

Deputat əlavə edib ki, VI Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir: "Bu Forum "Bakı Prosesi"nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Ölkəmizin ev sahibliyi ilə keçirilmiş bu mötəbər tədbir beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. VI Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirakı da bu platformaya dünya miqyasında önəmin verilməsinin göstəricisidir".

Millət vəkili əlavə edib ki, hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, dini dözümsüzlük, radikalizm mövcuddur. Bütün bunların yaranmasında səbəb dialoqun olmaması ilə yanaşı, qarşılıqlı hörmətin olmamasıdır: "Azərbaycan isə bütün mənalarda Şərq və Qərb arasında körpüdür və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Bütövlükdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr - fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir".

S.Fətəliyeva qeyd edib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmasından, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik ölkəmizin tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qorumasından bəhs edib: "Dövlətimizin başçısı, həmçinin Cənubi Qafqaz regionunda sülh imkanları, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən, sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılması barədə də fikirlərini ifadə edib. Cənab Prezident eləcə də Avropanın bəzi ölkələri tərəfindən həyata keçirilən neokolonializm siyasətinin qarşısının alınmasının vacibliyini vurğulayaraq deyib: "Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır".

Göründüyü kimi, Forumda çox aktual məsələlər müzakirə mövzusu oldu. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın və dünyada ədalətin təmin olunmasına çalışan mühüm bir platformadır".

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
1
Mənbələr
Şərh ()
Bağla