AZ

Bazar günü imtahan olacaq

Mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzindən (DİM) “Qafqazinfo”ya verilən məlumata görə, imtahanlar 15 şəhər və rayonda təşkil olunur və 11 943 nəfərin iştirakı nəzərdə tutulur

2024-cü il mayın 5-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Seçilən
15
49
Mənbələr
Şərh ()
Bağla