AZ

Allahşükür Paşazadə: Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı islamofob zehniyyətin nümunəsidir

Allahşükür

Şuşa, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərimizdə əsarətdən qurtulmuş dini-mənəvi irsin ehtiramla bərpası, nəfis şəkildə yenidən qurulan məscid və ziyarətgahlar, bütün dinlərə məxsus ibadətgah məkanları ali diqqət və multikultural dövlətçilik təfəkkürünün təzahürüdür. Burada, Şuşada, Zəfər yolu boyunca azad olunmuş torpaqlarımızdan keçərkən gördükləriniz erməni vandalizminin ağır nəticələridir. Bu gün yandırılmış torpaqlara yeni həyat verilir, dağıdılmış mədəni-mənəvi irs bərpa edilir, basdırılmış minalar təmizlənir, məhv edilmiş şəhər və kəndlərimiz yenidən dirçəldilir. Budur Azərbaycan həqiqətləri və bu gerçəkliklər bəzi dövlət və beynəlxalq təşkilatların qərəzli fikir və bəyanatlarına ən tutarlı cavabdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Ermənistanın əsas havadarı kimi çıxış edən Fransada Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı erməni işğalçılarının burada, Şuşada törətdiyi analoji vandalizm ilə eyni qəbildən olub, islamofob zehniyyətin nümunəsidir: “Halbuki Xankəndidə separatizmə son qoyan Azərbaycan oradakı erməni dini-mədəni abidələrini dövlət səviyyəsində qoruyur. Bu əsnada, bəzi qüvvələrin dini zəmində ayrı-seçkilik halları ilə yanaşı, dövlətlərin suverenliyinə təhdid olaraq separatizm kartından istifadə etmək kimi məkrli, mənfur meylləri qətiyyətlə pisləyirik”.

Şeyxülislam Allahşükür Paşazadə deyib: “Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Ermənilər də zamanında multikultural Azərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq və revanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə və erməni kilsəsinə buradan - mədəniyyət paytaxtımız Şuşadan xitab edərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar, mənfur separatçılıq meyllərinə uyaraq qonşu torpağına iddia etməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündən qızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərini təhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh, əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar. Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütün məkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəki bütün xalqların nümayəndələri olan, o cümlədən erməni əsilli vətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaq hüququ təmin etməkdə davam edəcək. Bu əsnada, Azərbaycan-Ermənistan sərhəd delimitasiyası istiqamətində atılan ilk addımı dəstəkləyir və xeyir-dua veririk”.

 

Seçilən
67
4
Mənbələr
Şərh ()
Bağla