AZ

Azərbaycan millisinin futbolçusu: Dünya çempionu üzərində qələbə xüsusi məna ifadə edir

Bakı, 2 may, AZƏRTAC

“Avropa çempionatına hazırlıq mərhələsindəyik. Qalib gəlmək çox gözəl hissdir. Bunu sözlə ifadə etmək çətindir. Yalnız yaşamaq lazımdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Elvin Əlizadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalib olmaları barədə danışarkən deyib.

O bildirib ki, həlledici matçda son dünya çempionu Rumıniya üzərində qazanılan qələbə onlar üçün xüsusi məna ifadə edir: “Bu komandanı ötənilki Avropa çempionatında da məğlub etmişdik. Onların beynəlxalq təcrübəsi çoxdur və olduqca təhlükəli rəqibdirlər. Belə iddialı komandaya həm qitə birinciliyində, həm də Monteneqrodakı turnirdə qalib gəlmək qürurvericidir. Düzdür, ilk görüşümüzdə Rumıniyaya 0:1 hesabı ilə uduzmuşduq. Həmin matçdakı səhvlərimizdən nəticə çıxardıq. Son oyunda bütün gücümüzü ortaya qoyduq və daha yaxşı oynadıq”.

E. Əlizadə turnirin ən yaxşı futbolçusu seçilməyinə də münasibət bildirib: “Sadəcə sevinc hissi yaşayıram. Əziyyətimizin qarşılığını aldığımız üçün xoşbəxtəm”.

Oyunçu iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq Avropa çempionatında komandasının şanslarını da dəyərləndirib: “Son Avropa çempionuyuq. Bizim kimi komandaların üzərində həmişə yük olur. Bu yükü daşımağa çalışacağıq. Komandamız hazırda yaxşı vəziyyətdədir. Yığmamıza bir neçə istedadlı oyunçu cəlb olunub. Hədəfimiz ilk “üçlük”də qərarlaşmaqdır. Kollektivimizə inanıram. Şüphəsiz ki, hər birimizin əsas hədəfi çempionluqdur”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq xarakteri daşıyan beynəlxalq turnirdə dörd oyun keçirib. Yalnız ilk oyunda 0:1 hesabı ilə məğlub olan yığma ardınca Bosniya və Herseqovinanı 6:0, Monteneqronu 4:2, Rumıniyanı 5:4 hesabı ilə üstələyib.

 

 

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla