AZ

Şokolad alarkən diqqət edin! -Mütəxəssis

Bu gün marketlərdə demək olar ki, hər kəsin gündəlik istifadə etdiyi şokoladın bir çox növləri ilə qarşılaşa bilərik. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37 faiz yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Mütəxəssislər bildirirlər ki, şokoladın tərkibində olan kakaonun insan orqanizminə bir çox faydası var.

Bəs görəsən bu, növündən asılı olaraq bütün şokoladlara şamil olunurmu? Ümumiyyətlə, insanlar şokolad seçərkən nələrə diqqət etməlidir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, kakao şokoladın xammalı hesab olunur: “Kakaonun tərkibində isə xüsusilə dəmir, maqnezium, kalium və mis var. Eyni zamanda antioksidantlarla da zəngindir. Antioksidantlar isə insan orqanizmində sərbəst radikallarla mübarizə apararaq xərçəngin qarşısını alır. Kakaodan hazırlanmış şokoladlardan xüsusilə günün birinci yarısında qəbul etdikdə insanın orqanizminə daha çox fayda verir və enerjili olmasına xidmət edir. Ona görə tərkibi 72% kakao olan şokoladlar daha faydalı hesab olunur. Eyni zamanda insan orqanizminin artıq kolori almasına səbəb olmur. Bir çox hallarda şokoladları südlü, fındıqlı və digər inqridientlərlə qarışdıraraq istehsal edirlər. Bu kimi şokoladlar kakaonun faizi az olduğu üçün insana artıq kalori və çəki verir. Xüsusilə də miqdarından artıq və axşam saatlarında qəbul edilərsə, piylənməyə səbəb olur. Bu səbəbdən şokolad alarkən diqqət edilməlidir ki, məhsul düzgün şəraitdə saxlanılmış, paketi deformasiyaya uğramamış olsun. Həmçinin əgər şokolad əriyib və yenidən dondurulubsa, bu da bir çox hallarda məhsulun tərkibində hər hansı dəyişikliklərin baş verməsinə səbəb ola bilər. Əgər əriyən keyfiyyətli şokoladdırsa və tərkibi daha çox kakaodan ibarətdirsə, bu zaman üzərində ağ örtük görünə bilər ki, bu da onun yağının üzə çıxmasının əlamətidir. Lakin şokolad hazırlanarkən keyfiyyətli yağlardan istifadə olunmayıbsa, yaxud daha çox digər kimyəvi qatqı maddələrindən istifadə olunubsa, belə məhsullar hər zaman orqanizmdə allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə də belə şokoladları qəbul edən insanlarda dad reseptorlarının pozulmasına görə iştahsızlıq və digər qidalardan zövq almamaq, şəkərdən, şokoladdan asılılıq yarana bilər. Eyni zamanda, şokolad alarkən etiket, markalanma və saxlanma qaydalarına əməl olunması çox önəmlidir”.

Sayalı Abasova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
ikisahil.az

1Mənbələr