AZ

“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL

“Ermənilər balabana düdük deyirlər. Milli alətimizi düdük adı ilə dünyaya satırlar. Hətta Ermənistanda bu alətin istehsalı ilə məşğul olan zavod da mövcuddur. Onların qədim tarixi mənbələri yoxdur. Sadəcə olaraq balabanı ərik ağacından hazırlayırlar deyə onlar da iddia edirlər ki, dünyada ən keyfiyyətli ərik ağacı ermənilərdədir. Bunun heç bir əsası yoxdur. Onlar sadəcə bununla əsaslandırırlar. Yalandan tarix yazırlar, düzüb-qoşurlar özləri üçün”.
 
Bunu Moderator.az-a açıqlamasında professor, Sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə deyib.
 
O daha sonra əlavə edib:
 
“O ki, qaldı düdükə.. Düdük tütəyin prototipidir. Onun balabana heç bir aidiyyatı yoxdur. Onun səs tembri tamam fərqlidir. Düdük də bizim alətimiz olub. Kitabi Dədə Qorqud dastanında adı çəkilir. Həmin alətdə mükəmməl mahnılar ifa etmək olmur. Çünki onun üzərində çalğı dəlikləri olmayıb. Ovçular onda quş səsləri çıxarıblar. Quşları imitasiya edib onları özlərinə cəlb ediblər. Bir növ “fıştırıq” kimi. Türkiyədə “fıştırıq” a düdük deyirlər. Bizdə bu sözü söyüş mənasında istifadə edirlər. Bəzən deyirlər ki, düdük olma! Yəni yalançı olma! Riyakar adamlara düdük deyirlər. Məndə bir miniatür kitabı var. Orada 15-16-cı əsrlərdə Təbrizdə keçirilən bir məclisdə balaban aləti və ifaçısı təsvir olunub. Bu kitabı mənə mərhum millət vəkilimiz, daim mədəniyyətin keşiyində duran Qənirə xanım Paşayeva hədiyyə etmişdi”.
 
Abbasqulu Nəcəfzadə bildirib ki, balaban alətinin ermənilərə aid olduğunu göstərən heç bir mənbə yoxdur.
 
“Balaban alətinin bütün parametrləri, ədəbi, arxeoloji, etimaloji, miniatür və s. təsvirlərə görə Azərbaycan xalqına məxsusluğu şəksizdir. 2 mindən artıq arxeoloji qazıntılar nəticəsində Ucar rayonunda aşkarlanmış bir üzük tapılıb. Üzüyün üzərində balabançı və əlində balaban həkk olunb. Qətran Təbrizi 11-ci əsrdə yaşayıb. Divanında balabananı tərənnüm edir. Ermənilər iddialıdırlar ki, balaban bizimdir. Mən söylədiyim faktlar onlarda yoxdur. Mənim namizədlik işim Azərbaycan nəfəs alətləri (arxeoloji tarixi tədqiat) adlanır. Müxtəlif dövrlərdə Azərbaycanda istifadə olunmuş 40 nəfəs aləti tədqiqata cəlb olunmuşdur. Bir yarımfəsil də balabana həsr olunub. Düşmənlərimiz qoy bir balabançı adı çəksinlər də. Hansı ki, orta əsrlərdə yarandığını deyirlər. Çəkə bilməyəcəklər”, - deyə professor bildirib.
 
Abbasqulu Nəcəfzadə bildirib ki, musiqi alətlərinin istehsalının az olması təbliğat işində bizi ləngidir:
 
“Azərbaycanda yetəri qədər balaban ustaları olub və bu gün də var. Çox gözəl də ustalardır. Bölgələrimizdə də var. Sadəcə onlar pərfabakəndə şəkildə fəaliyyət göstərirlər. Yaxşı olardı ki, musiqi alətləri istehsal edən fabrik yaradılardı. Bir vaxtlar Şuşada belə bir fabrik var idi. Onda həmin ustalar bir müəssisəyə toplaşardılar, istehsal da edərdilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
Mənbələr
Şərh ()
Bağla