AZ

Luka Modriç Çempionlar Liqasının “qocalar evi”nə daxil oldu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bayern”lə səfər oyunu (2:2) “Real”ın yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, xorvar futbolçu bu oyunda meydana çıxmaqla, Çempionlar Liqasının yarımfinalında oynamış üçüncü ən yaşlı oyunçu olub.

Bu barədə “Opta Sports” statistik internet-portalı məlumat yayıb. Luka oyunun 75-ci dəqiqəsində “qaymaqlılar”ın 20 yaşlı ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemi əvəzləyib. Meydana çıxarkən Modriç 38 yaş 234 günlüyündə olub.

Xorvat futbolçu həmçinin “Real”ın Çempionlar Liqasının yarımfinalında meydana çıxmış ən yaşlı oyunçusu olub. Buna qədər “kral klubu”nun müvafiq göstərici üzrə rekordu “qaymaqlılar”ın əfsanəvi macar hücumçusu Ferents Puşkaşa məxsus idi (1965-ci il, 38 yaş 229 gün).

Hazırda xorvat yarımmüdafiəçidən öndə yalnız “Milan”ın əfsanəvi müdafiəçiləri – Paolo Maldini (2007-ci il, 38 yaş 302 gün) və Alessandro Kostakurta (2006-cı il, 40 yaş 2 gün) qərarlaşıblar.

Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin İspaniya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 40 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 528 oyun, 39 qol, 84 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 174 oyuna çıxıb, 24 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla