AZ

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin cari ilin aprelin 26-da Almaniyaya işgüzar səfəri baş tutmuşdur. Dövlət başçısının bu səfəri bu gün ölkə mətbuatında geniş müzakirə edilir. Cənab İlham Əliyev həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlər barədə dövlət başçımız Almaniyada mətbuat konfransında çıxış etmişdir. Ölkə Prezidenti Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. Tədbirdəki çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən bəhs etdi.

Dövlət başçısı İlham Əliyevin və Almaniyanın Federal Kansleri Olaf Şoltsun birgə keçirdikləri mətbuat konfransı səfərin mahiyyətini, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsini bir daha açıqladı. Olaf Şoltsun “Yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar, əsasən də, qeyd etdiyim kimi, hidrogen və bərpaolunan enerji sahələrində. Təbii ki, bunun üçün müvafiq çərçivə şərtləri mövcud olmalıdır. İlham Əliyev çıxışı zamanı bildirib ki, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır.

İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişafında maraqlı olmaqla yanaşı, bu əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına səy göstərir. O bildirmişdir ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. 9 elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027- ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır.

Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdisə, bu il bu rəqəm 12 milyarda çatıb. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.

Kəmalə Məlikova,
Bakı şəhəri, Xətai rayonu, Murad Hacıyev adına 116 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
36
50
Mənbələr
Şərh ()
Bağla