AZ

İlham Əliyevin aprel qrafiki: İki mühüm səfər və Qazaxın kəndləri - FOTOLAR

Aprel ayında Azərbaycan xarici və daxili siyasətində bir çox vacib hadisələr qeydə alınıb. Prezident İlham Əliyevin iki mühüm səfəri və Ermənistanla əldə edilən razılaşma ilin dördüncü ayının ən mühüm hadisələridir.

 

Modern.az xatırladır ki, dövlət başçısı aprel ayında Rusiya və Almaniyaya səfərlər edib, ADA Universitetində xarici ekspertlərin suallarını cavablandırıb, həmçinin bir çox mühüm qəbullar və görüşlər keçirib.

 

Aprelin 4-də Konqo Prezidenti Deni Sassu-Nqesso Bakıda səfərdə olub. O, dövlət başçısı İlham Əliyevlə görüşündə siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq barədə söhbətlər aparıb.

 

Növbəti gün Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. Görüşdə bir çox vacib məqamlara toxunulub.

 

Aprel ayı dövlət başçısının regionlara səfəri baxımından da önəm kəsb edib. Prezident Hacıqabul, Gəncə və Qəbələ şəhərlərində səfərdə olub, açılışlarda, təməlqoyma mərasimində iştirak edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya səfər edib. Dövlət başçıları ikitərəfli danışıqlar aparıb və Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.  

 

Aprelin 23-də isə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. İlham Əliyev forumda iştirak edib və tədbir iştirakçılarının suallarını cavablandırıb. 3 saatdan artıq davam edən forum zamanı dövlət başçısı bir çox məsələlər aydınlıq gətirib, Ermənistanla sülh, xarici dövlətlərlə əlaqələr, iqtisadi və mədəni məsələlərlə bağlı suallara cavab verib.

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də Azərbaycana gəlib. O, Bakıda İlham Əliyevlə ikitərəfli və geniş tərkibdə danışıqlar aparıb, ölkələr arasında sənədlər imzalanıb. Ertəsi gün İlham Əliyev və Japarov Füzuli şəhərinə yola düşüblər. Liderlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar. Ağdamın Xıdırlı kəndində isə Qırğızıstanın maliyyəsi ilə tikilən məktəbin əsası qoyulub.

 

Ali Baş Komandan aprelin 25-də tarixi uçuş həyata keçirib. Dövlət başçısı Füzuli şəhərindən Almaniyaya gedib. Dövlət başçısı Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edin və burada çıxış edib. Almaniya kansleri, prezidenti və xarici işlər naziri ilə görüşlər keçirilib.

 

Aprel ayının ən mühüm hadisəsi ilə Ermənistanın Qazaxın işğal altında olan kəndlərinin qaytarılmasına razılıq verməsi olub. Belə ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

 

Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

 

Beləliklə, aprel ayı həm dövlət başçısının iki mühüm səfəri, Qırğızıstan liderinin Qarabağa getməsi və Qazaxın kəndlərinin qaytarılması, eləcə də digər mühüm tarixi hadisələrlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla