AZ

"Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ

“Nəsillər arasında anlaşılmazlıq həmişə olub. Məsələn, atalarımız bizi bəyənmirdi. Biz də bugün övladlarımızı bəyənmirik. Hesab edirik ki, biz onlar yaşda olanda dağı dağ üstə qoyurduq. Amma övladlarımız bizdən fərasətsizdirlər”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Şübhəsiz ki, gələcəkdə övladlarımız da öz övladlarını bəyənməyəcəklər. Yəni bu bir prosesdir və yüz illərdir belə davam edir, yəqin ki min il də bundan sonra belə olacaq. Ədəbiyyatda bunun ən gözəl nümunəsini Turgenev özünün məşhur "Atalar və oğullar" romanında yaradıb. Azərbaycan ədəbiyyatında da bu cür nümunələr çoxdur.

İctimai nəqliyyatda nəsillər arasında anlaşılmazlığa gəlincə hesab edirəm ki, bu məsələdə daha həssas və tolerant davranmaq lazımdır. Bizdə yaşlı insanlar hesab edirlər ki, gənclər mütləq onlara yer verməlidir. Halbuki gəncin belə bir öhdəliyi yoxdur. Bu mənəvi və ailədən gələn tərbiyə ilə bağlı olan məsələdir. Şəxsən mən heç kimi məcbur edə bilmərəm ki, avtobus yaxud metroda mənə yer versin. Mənim özüm yaşca məndən böyük olan insanlara, xüsusilə xanımlara yer təklif edirəm. Amma övladım yaşda olan gənclərdən bunu tələb etmirəm. Kimsə mənə bu cür jest edirsə, sağolsun. Amma mənə münasibətdə bu cür davranmadığına görə kimisə qınamaq doğru deyil.

Məncə, Azərbaycan cəmiyyəti gəncləri çox qınayır. Bizim gənclərdən gözləntilərimiz bəzən onların daşıya biləcəyi yükdən ağır olur. Gənclərdən yüksək mədəniyyət, etika, jest gözləyən yaşlılar da özlərini yaşlarına və başlarına uyğun aparmağı bacarmalıdırlar. Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin. Bəzən elə yaşlı insanlarla qarşılaşırıq ki, hansısa gənc onlara yer verməməkdə düz edir. Rəhməti də, lənəti də insan bu dünyada öz əməlləri ilə qazanır. Gənclərin, cəmiyyətin başqalarına münasibəti onların davranışlarına adekvat olur. Yaxşı davransaq, özümüzü yaxşı aparsaq yaxşı münasibət görəcəyik. İnsanlara üstdən aşağı baxsaq, hamını bizim dədəmizə borclu kimi görsək bu zaman ögey və laqeyd münasibətlə qarşılaşacağıq”.

Ayşən Vəli

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla