AZ

"Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan-Qırğızıstan əlaqələri bir neçə müstəvidə güclənməkdə davam edir. Bunlardan biri təbii ki ikitərəfli dövlətlərarası münasibətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, burada həm keçmiş postsovet məkanının subyektləri olan respublikalar kimi, həm eyni soykökə, eyni mədəniyyətə malik olan xalqların hökumətləri arasında olan əlaqələridir: “Digər tərəfdən, müstəqil dövlətlər birliyi çərçivəsində bu əməkdaşlıq mövcuddur. Son illərdə isə türk dövlətləri təşkilatı çərçivəsində hər iki dövlətin əməkdaşlığı nəhayət ki müttəfiqlik münasibətləri səviyyəsinə gəlib çatmışdır”.

Aqil Camal sözlərinə belə davam edib: “Bu münasibətlərin inkişafında Azərbaycan və Qırğızıstan prezidentinin şəxsi iradəsi xüsusi rol oynamaqdadır. Qarşılıqlı səfərlər və bu səfərlər zamanı əldə edilən razılaşmalar, bu razılaşmaların real məzmun daşıması, icraya yönəlməsi onu göstərir ki, iki ölkə arasında münasibətlər inkişaf etməkdə davam edir.

Digər tərəfdən isə bir məsələni qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi Orta Asiya Türk Cümhuriyyətlərinin türk birliyi istiqamətindəki inteqrasiya fəaliyyətinə güclü dinamika veribdir. Hazırda istər Qırğızıstan olsun, istər Qazaxıstan, Türkmənistan, Özbəkistan həm Azərbaycanla, həm Özbəkistanla çox yaxın müttəfiq, dost, qardaşlıq münasibətləri qurmaq və öz gələcək strateji inkişaflarını məhz bu qardaş dövlətlərlə birlikdə görmək istəyirlər. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti də sonuncu andiçmə mərasimi zamanı bildirdi ki, Azərbaycanın xarici siyasətində əsas prioritet türk dövlətləri ilə əməkdaşlığı gücləndirmək və türk birliyini gücləndirmək olacaqdır.

Hesab edirəm ki, bugün Qırğızıstan prezidentinin Azərbaycana səfəri və bu səfərdəki razılaşmalar, eyni zamanda Qırğızıstan tərəfindən işğaldan azad olmuş Ağdam şəhərində məktəbin təməlinin qoyulması iki qardaş dövlət arasında əməkdaşlığa və işbirliyinə yeni nəfəs verəcəkdir”.

Ayşən Vəli

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla