AZ

Basketbol: “Neftçi” müntəzəm mövsümü qələbə ilə başa vurdu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün sonuncu – 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.

Günün yeganə matçı “Sərhədçi” İdman Mərkəzində “Neftçi” və “Sərhədçi” komandaları arasında baş tutub. Oyun “Neftçi”nin 73:69 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın ən məhsuldar basketbolçusu Ceyms Haforn olub – 22 xal, 9 ribaund. “Sərhədçi”də isə Kaleb Hanter fərqlənib – 20 xal, 11 ribaund.

Bu qələbə ilə “Neftçi” müntəzəm mövsümü 5-ci pillədə tamamlayıb və pley-offda “Xırdalan”ın rəqibi olub. Müntəzəm mövsümü 6-cı sırada bitirmiş “Sərhədçi” isə pley-offda “Xəzri” ilə qarşılaşacaq.

Xatırladaq ki, turun əvvəlki oyunlarında son çempion və lider “Sabah” əsas izləyicisi “Xəzri”yə 77:65 hesabı ilə qalib gəlmişdi. “Xırdalan” isə “Cəlilabad”ı 90:84 hesabıyla yenmişdi. Sonuncu turun qalan oyunları (“NTD-İndiqo” – “Şəki”, “Gəncə” – “Sumqayıt”) 27 və 28 apreldə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (18 oyun, 15 qələbə, 3 məğlubiyyət) – 33 xal
  2. Xəzri (18 oyun, 13 qələbə, 5 məğlubiyyət) – 31 xal
  3. NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
  4. Xırdalan (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  5. Neftçi (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  6. Sərhədçi (18 oyun, 7 qələbə, 11 məğlubiyyət) – 25 xal
  7. Cəlilabad (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
  8. Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
  9. Gəncə (17 oyun, 4 qələbə, 13 məğlubiyyət) – 21 xal
  10. Şəki (17 oyun, 1 qələbə, 16 məğlubiyyət) – 17 xal
Seçilən
64
12
Mənbələr
Şərh ()
Bağla