AZ

“Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən hesab olunur“ - DEPUTAT DANIŞDI

“COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı keçirilən dünyanın ən mühüm tədbirlərindən biridir. Bu gün qlobal iqlim dəyişikliyi dünyanın bütün ölkələrini bu və ya digər dərəcədə təhdid edir və ərzaq məhsulları qıtlığı, ekoloji problemlərlə bağlı çox böyük fəsadlar yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, iqlim dəyişikliyinə qarşı bütün dünyanın səfərbər olması və lazımi işlərin görülməsi olduqca aktual məsələdir: “2015-ci ilin dekabr ayında BMT iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına üzv olan ölkələrin konfransı keçirildi və dünya ölkələrinin bu problemə qarşı birgə mübarizə aparmaları ilə bağlı razılıq əldə olundu. Nəhayət, dünyanın 171 ölkəsi bu sənədə imza ataraq, prosesdə birgə səy göstərməyə hazır olduğunu bildirdi. Artıq 29-cu belə tədbir keçiriləcək. Bu il isə mühüm əhəmiyyətli konfrans ölkəmizdə baş tutacaq və 30-dan çox ölkənin tədbirə qatılması gözlənilir. Nəzərə almaq lazımdır ki, tədbirə qatılanlar içərisində dövlət başçıları, beynəlxalq təşkilat rəhbərləri, nazirlər və digər dövlət rəsmiləri yer alacaq. Bu səbəbdən də konfransda çox ciddi qərarlar alınacağı, mühüm məsələlərin müzakirə olunacağı aydındır.

Belə bir tədbirin keçirilməsi isə iki mühüm xarakteri ilə seçilir. Birincisi ev sahibi olan ölkəyə etimad məsələsi, ikinci isə ev sahibi olan ölkənin belə böyük bir tədbir keçirməklə bağlı təşkilatçılıq məsələlərinin icra edə bilməsi ilə bağlıdır. Azərbaycan etibarlı tərəfdaş olmaqla bərabər, həm də bu gün dünyanın ən təhlükəsiz ölkələrindən hesab olunur. Dövlət başçısı da tədbirin əhəmiyyətindən danışaraq, ADA universitetində keçirilən beynəlxalq konfransda Azərbaycanın COP29-u yüksək səviyyədə keçirəcəyi ilə bağlı fikirlərini səsləndirdi”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
51
Mənbələr
Şərh ()
Bağla