AZ

“ABŞ-nin Azərbaycanı ittiham etməsi absurddur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ABŞ-nin 2023-cü il dünyada insan haqlarının pozulması ilə bağlı hazırladığı hesabatlar təbii ki, obyektiv durumu əks etdirmir. Bu cür hesabatlar daha çox ABŞ-nin qlobal siyasətinin həyata keçirilməsi və onun maraqlarının təmin olunmasına yönəlib. Məhz bu hesabatlar üzərindən müxtəlif ölkələrə təzyiqlər həyata keçirilməyə çalışılır. Bu hesabatın hazırlanmasının və məlumatların mənbələrinin mötəbərliyi də ciddi şəkildə sual altında olduğundan onlar həqiqəti əks etdirmir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu hesabatın Azərbaycana aid olan hissəsinə nəzər saldıqda burada üç istiqamət özünü göstərməkdədir: “Bunlardan birincisi, guya erməni əhalinin Qarabağdan qovulması məsələsidir. İkincisi, dindar şəxslərin həbs olunması, üçüncüsü isə hərbi əməliyyatlar zamanı hansısa pozuntulara yol vermiş hərbi qulluqçuların məsələlərinin araşdırılması ilə bağlı iddialardır. Qarabağdan getmiş ermənilərlə bağlı məsələ ümumiyyətlə qəbuledilməzdir. Onların bölgədən getmə səbəblərinə münasibət obyektiv deyil. Çünki bu, orada yaşamış erməni əhalisinin könüllü seçimidir. Əgər ABŞ bizə bu məsələni irad tutursa, ona 2001-2003-cü illərdə İraq və Əfqanıstanı işğal edəndə milyonlarla insanın zorakılıqla öz yurdunu tərk etməsinə səbəb olduğunu xatırlatmalıyıq. Bundan başqa Suriyaya soxulan ABŞ milyonlarla insanın öz evini tərk etməsinə səbəb olduğunu unudur”.

İşgəncə məsələsinə gəldikdə isə politoloq qeyd edib ki, bütün dünya ən azı 15-20 il öncə ABŞ hərbçilərinin həm İraqdakı Əbu Qreyb, eyni zamanda Kuba yaxınlığında Quantanamo həbsxanalarında saxlanılan şəxslərə qarşı törətdikləri dəhşətli hadisələri unutmayıb: “O zamanlar ABŞ bu məsələlərin hər hansı biri ilə bağlı obyektiv araşdırma aparmadı. Bu baxımdan ABŞ-nin Azərbaycanı ittiham etməsi absurddur. Öz ölkəsində miqrantlara, qaradərililərə və digər əhali qruplarına olan aşağılayıcı münasibətə baxmayaraq başqa dövlətləri ittiham etməsi qəbuledilməzdir. ABŞ əvvəlcə öz daxilində bu məsələləri həll etməli, daha sonra dünyadakı insan haqları ilə bağlı hesabatlar hazırlamalıdır.

Digər tərəfdən guya İranla düşmən olduğunu deyən ABŞ nədənsə o dövlətin Azərbaycandakı casuslarının həbsindən narahatlıq keçirir. Azərbaycan hansısa bir dindar öz dini əqidəsinə görə həbsə atılmayıb. Ona görə də belə iftiralar yolverilməzdir. Ümumi olaraq qeyd edə bilərəm ki, bu hesabatlar ABŞ-nin dünyada hegemon siyasətini həyata keçirmək üçün istifadə etdiyi təzyiq vasitələrindən biri kimi qəbul olunmalıdır”.

Ləman Sərraf

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla