AZ

“İnsanları geyiminə görə qınamaq doğru deyil” - EKSPERT FİKRİ

Dünən Bakıda qəribə hadisə baş verib. Belə ki, mağazaların birində xanım müştəriyə geyiminə görə xidmət göstərilməyib və mağazadan qovulub. Bəs, bu nə dərəcədə doğrudur? İnsanlara geyiminə görə belə münasibət göstərmək olarmı? SİA mövzu ilə bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikirlərini öyrənib.

Onun sözlərinə görə, satıcının vəzifəsi alıcıya yüksək keyfiyyətli xidmət göstərməkdir: “Hesab edirəm ki, Bakıda baş verən və sosial şəbəkələrdə gündəmə çevrilən hadisədə hər iki tərəf günahkardır. Məncə, ticarətçi birinci öz maraqlarını əsas götürməli və alıcıya xidmət etməli idi. Biz demokratik hüquqi dövlətdə yaşayırıq və insanları geyiminə görə qınamaq doğru deyil. Bu ən azından həmin satıcının vəzifəsi deyil. Ticarət mərkəzləri belə məsələlərdə daha dözümlü davranmalıdırlar”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Şəxsi mövqeyimə gəlincə, həmin xanımın geyim və davranışlarını təqdir etmirəm. O da ictimai yerə çıxdığını, insanlar arasında olduğunu nəzərə alaraq davranmağı bacarmalıdır. Bizim azadlığımız başqasının azadlığı başlayan yerdə bitir. Bu məşhur deyimdir və hamılıqla buna əməl etməliyik.

Biz bir-birimizi qıcıqlandırmaq, günümüzü qara etmək yox, bir-birimizə daha xoş təsir bağışlamaq üçün yaşamalı və fəaliyyət göstərməliyik. Ən azı 100 dəfə demişəm. 101-ci dəfə də təkrar etmək istəyirəm ki, bu gün həsəd apardığımız bəzi ölkələr məhz insanların yüksək intellekti, şəxsi münasibətlərdə davranışı nəticəsində belə nailiyyələr əldə edə biliblər. Biz də bu qaydada davranmalıyıq. Bir-birimizə münasibətdə dözümlü olsaq, heç bir ölkəyə həsəd aparmarıq”.

Ayşən Vəli

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla