AZ

"Heç bir erməni bu ərazini tərk edərkən zorakılığa məruz qalmayıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Almaniya Avropanın böyük və nüfuzlu dövlətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

O bildirib ki, Qərb dövlətlərinin Azərbaycan-Ermənistan məsələsində hansı dövləti ədalətsiz şəkildə dəstəkləməsi məlumdur: "Ancaq bununla yanaşı Azərbaycan güc, enerji sahibidir. Xüsusilə, yaşıl enerji ilə bağlı kifayət qədər imkanları var. Qərb dövlətləri də bunu yaxşı bilir. Ona görə də Qərbin, əsas da Fransa və Amerika Birləşmiş Ştatlarının Ermənistanı ədalətsiz şəkildə müdafiə etməsi nə qədər məntiqsizdirsə, eyni zamanda Qərbin ağıllı düşünən siyasiləri də dərk edirlər ki, Cənubi Qafqazda güc sahibi Azərbaycandır.

Azərbaycanın Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün etdikləri də göz qabağındadır. O cümlədən Almaniyaya olan səfər və Almaniya kansleri ilə olan danışıqlar Azərbaycanın nüfuzunu göstərir, eyni zamanda Azərbaycan tərəfi də mövcud vəziyyətlə bağlı öz fikir, düşüncələrini, mülahizələrini Alman rəhbəri ilə bölüşəcək. Əlbəttə ki, Almaniyanın bu məsələyə önəm verməsi xüsusi bir haldır. Yəni Almaniya bu gün Avropada nüfuz baxımından Fransa ilə rəqabətdədir. Fransanın da Azərbaycana olan münasibəti, həm də ədalətsiz münasibəti bizə imkan verir ki, biz Almaniya ilə olan münasibətləri daha səmimi edək. Doğrudur, Avropa Şurasında Almaniyadan olan deputatın hərəkətləri və bizə qarşı münasibəti qəbuledilməzdir. Ancaq Azərbaycanın da ən böyük uğuru ondan ibarətdir ki, uzun illər boyu düşməni müdafiə edən dövlətlər həmin düşməndən çəkindilər. Çünki Azərbaycan tərəfi haqlı olduğunu sübut etmək üçün mümkün olanları etdi. Bütün səviyyələrdə bu olundu. Ona görə də bu gün də Azərbaycan tərəfinin ən böyük işi ondan ibarətdir ki, Azərbaycan həqiqətlərini çətin də olsa, dünyaya qəbul etdirə bilsin".

"Tarix boyu Azərbaycan xalqının başqasının torpağında gözü olmayıb. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində 20% torpağı işğal olunan Azərbaycandır. Bir milyon qaçqın və köçkün həyatını Azərbaycan yaşayıb. Azərbaycanın abidələri yerlə-yeksan edilib, dini, tarixi abidələri dağıdılıb. Azərbaycan bu gün öz torpaqlarının sahibidir. Ermənilərə qarşı tarix boyu, o cümlədən də indi heç bir etnik təmizləmə olmayıb. Sadəcə olaraq erməni tərəfin dezinformasiyasıdır, onun təbliğatıdır. Ancaq bu təbliğatın heç bir əsası yoxdur. Çünki soyqırıma məruz qalan da, ərazisi işğal olunan da Azərbaycandır. Öz ərazisində əmin-amanlıq yaradan da, separatçı qüvvələri buradan təhlükəsizliyi üçün çıxardan da Azərbaycan tərəfidir. Heç bir erməni bu ərazini tərk edərkən zorakılığa məruz qalmayıb. Azərbaycan tərəfinin Almaniya ilə danışıqlarında da bu məsələlər öz əksini tapacaq. Avropa Ermənistanı hansı formada müdafiə etməsinə baxmayaraq haqq Azərbaycanın tərəfindədir. Azərbaycan da beynəlxalq hüququn bütün normalarına riayət edir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla