AZ

Rafa Yuste “Barselona”nın Xavi ilə bağlı qərarını açıqladı

“Barselona”nın vitse-prezidenti Rafa Yuste “blauqrana”nın baş məşqçisi Xavinin klubda qalacağını və müqaviləsini yeniləyəcəyini açıqlayıb.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Yustenin bu barədə fikirlərini təqdim edir:

“Xavi qalacaq, o, burada çox xoşbəxtdir. Biz heç vaxt başqa məşqçi ilə danışıqlar aparmamışıq. Deku da Xaviyə güvənir. Qərar təsdiqlənib”, deyə Rafa Yuste vurğulayıb.

Xatırladaq ki, cari ilin yanvarında Xavi “blauqrana”nın baş məşqçisi vəzifəsindən vaxtından əvvəl istefa verəcəyini və cari mövsümün bitməsilə klubdan ayrılacağını açıqlamışdı. Son vaxtlar mətbuatda, Xavinin qərarına yenidən baxa biləcəyi ilə bağlı məlumatlar fəal şəkildə müzakirə edilir. Öz növbəsində Xavi qərarının qəti olduğunu və dəyişməyəcəyini dəfələrlə vurğulayıb.

“Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 136 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 264:151 nisbətindədir.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 32 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 81 xala malik Madrid “Real”ı başçılıq edir.

Seçilən
51
1
Mənbələr
Şərh ()
Bağla