AZ

Ançelotti Xavinin qərarını dəyişməsinə münasibətini açıqladı

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti ispan həmkarı, “Barselona”nın çalışdırıcısı Xavinin Kataloniya klubunda qalması haqda danışıb.

Arena.az xatırladır ki, daha əvvəl ispan mütəxəssisin 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləsinin sonuna qədər “blauqrana”nın sükanı arxasında qalmaq qərarına gəldiyi məlum olub.

Karlo Ançelotti ötən gün jurnalistlərlə söhbətində Xavinin qərarını dəyişməsinə belə münasibət bildirib:

“Düşünürəm ki, bu, düzgün qərardır. O, “Barselona”da yaxşı iş görüb, klubu çox yaxşı tanıyır. Bu, önəmlidir. Biz fikirlərin dəyişməsinə hörmət bəsləməliyik. Mən özüm də karyeram ərzində dəfələrlə öz qərarımı dəyişmişəm. Bu, tamamilə qanunauyğundur”, deyə italyan mütəxəssis razılıq edib.

Xatırladaq ki, Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 136 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 264:151 nisbətindədir.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 32 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 81 xala malik Madrid “Real”ı başçılıq edir.

Cari mövsümdə Xavinin “Barselona”sı bütün yarışlarda mübarizəsinə xitam verib və La Liqanın “gümüş”ü hazırda “blauqrana”nın yeganə təsəllisidir ki, kollektiv bunun uğrunda hələ mübarizə aparmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla