AZ

"Senzura müəyyən çərçivədə ola bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Senzura dedikdə kütləvi informasiya vasitələrində yayımlanan materialların məzmunu ilə bağlı, eyni zamanda ayrı-ayrı yaradıcı insanların bədii yaradıcılığındakı məzmunla bağlı dövlət nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, yayımlanan material, məlumat, informasiya və bədii əsər özündə bir məzmun daşıyır: "O məzmun ola bilsin ki, tarixi dövr etibarilə mövcud siyasi rejimin siyasi-ideoloji maraqlarına zidd olduğu üçün belə bir senzura həyata keçirilir. Dövlət həmin senzuranı qoymaqla bu tipli yayımların qarşısını alır. Senzuranın meydana çıxması bu səbəbdəndir.

Məsələyə tarixi aspektdən də yanaşmaq olar. Tarixi aspektdən yanaşdıqda hansı ölkə üçün, hansı tarixi dövrdə senzura daha çox aktuallıq kəsb edib, bu senzuranın ölkə, həmin cəmiyyət üçün müsbət və mənfi tərəfləri nədən ibarət olub? Bu da çox geniş mövzudur. Məsələyə sosioloji aspektdən yanaşdıqda isə senzuranın cəmiyyətdə necə qarşılanması müzakirə predmetinə çevrilir. Müəyyən tarixi dövrlərdə senzura tətbiq olunur. Senzuranın tətbiq olunması cəmiyyətə nə kimi fayda və ya zərər verə bilir, eyni zamanda senzuranın tətbiq olunmasından fərdlər, toplum nə dərəcədə məmnun, narazı qalır, buna baxmaq lazımdır. Bunlar həm tarixi, həm də sosioloji aspektdən çox geniş mövzudur.

Azərbaycana gəldikdə isə tarixi dövr baxımından, məsələn XX əsrin 20-ci illərindən sonra 1991-ci ilə kimi çox kəskin senzura rejimi tətbiq olunmuşdu. Sovetlər Birliyi tərəfindən 15 Respublikanın hər birinə kəskin senzura tətbiq olunurdu. Bu da həm kütləvi informasiya vasitələrində, həm də yaradıcı insanların bədii yaradıcılığında təsirini göstərirdi. Demək çətindir ki, senzuralar cəmiyyət həyatı üçün nə kimi müsbət və mənfi nəticələr doğururdu. Amma Sovet Azərbaycanı dövründə dövlət tərəfindən tətbiq olunan senzuranın azad cəmiyyətin formalaşmasına çox böyük mənfi təsiri var idi. Kütləvi informasiya vasitələrində azad fikrə yer yox idi, müxalif mövqedə olan partiyanın olması mümkün deyildi. Əgər belə hallar olarsa, kəskin repressiyalar, həbslər, ciddi cəza mexanizmləri işə düşürdü. Bütün Sovet vətəndaşları həmin senzuradan zərər çəkmiş olurdular".

"Senzura müsbət dəyərləndirilə bilməz. Çünki kəskin senzuranın tətbiq olunması yaradıcı insanların fəaliyyətinə, yaradıcılığına, azad fikir ifadə etməsinə mane olur, çətinliklər yaradır. Beləcə fərdlərdə olan potensial kəskin senzura səbəbindən çiçəklənə bilmir. Bəlkə də, bir rəssam elə əsər yarada bilər ki, bütün tarix boyu aktual olar. Amma senzura səbəbindən onu yarada bilmir. Öz düşüncələrini açıq şəkildə ifadə edə bilməyən, senzura səbəbindən tam məzmunlu potensialını ortaya qoya bilməyən yaradıcı insanlar kəskin senzuralı cəmiyyətlərdə bəzən yaşamaqdan imtina edirlər və mühacirət də edə bilirlər. Daha azad mühit axtarırlar. Senzuranın olmadığı, zəif olduğu cəmiyyətlərə üz tuturlar ki, potensiallarını ortaya qoysunlar.

Digər tərəfdən cəmiyyətdə mənəvi-əxlaqi baxımından aşınmalara səbəb ola biləcək televiziya proqramlarının, saytlarda, qəzetlərdə yayımlanacaq hər hansı müzakirəyə səbəb ola biləcək materialların yayımlanmasında, düşünürəm ki, senzura olmalıdır. Çünki senzura məhz bu kimi halların qarşısının alınmasına yönəlməlidir. Cəmiyyətdə bir qrup mədəniyyət daşıyıcısı hərəkət və davranışları ilə cəmiyyət üçün mənəvi deqradasiyaya səbəb ola biləcək davranışlar ortaya qoyurlarsa, bunlar yeniyetmələr, gənclər üçün "nümunə" ola bilir. Gənclər də submədəniyyət nümunələrinə baxaraq mənəvi deqradasiyaya məruz qalırlar. Əslində əxlaqi baxımdan norma qəbul edilə bilməyəcək hər hansı davranışları cəmiyyət həyatında azad şəkildə ifadə etməkdən çəkinmirlər. Sanki "mənim azadlığım var, mən nə istəsəm edə bilərəm" kimi düşüncəyə sahiblənirlər.

Hər bədii əsər, incəsənət nümunəsi kütləvi informasiya vasitələrində yayımlanan materiallar özündə bir mənəvi-əxlaqi baxımdan məzmun daşıyıcısı olmalıdır. Müəllif iddia etsə ki, bu, onun düşüncələridir, cəmiyyətə nə kimi faydalı olmaq istəyir, əlbəttə ki, burada dövlətin, cəmiyyətin maraqları nəzərə alınmalıdır. Hər bir yaradıcı insan da öz yaradıcılığında milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə sadiq qalmalı, bunu nəzərində tutmalıdır.

İstər yaradıcı insanlar üçün, istərsə də sadə insanlar üçün azadlıq bir şəkildə çərçivəlidir. Məşhur alman sosioloqu Erix Frommun məşhur ifadəsi var ki, "Azadlıq məsuliyyət doğurur". Onun "Azadlıqdan qaçma" adlı əsəri də var. Bu o deməkdir ki, insan azadlığa meyl edir, azad olmaq istəyir. Azadlığın ona verdiyi imkanlardan istifadə edərək özünü daha açıq şəkildə ifadə edə bilir. Bununla bərabər azadlıq həm də məsuliyyət doğurur. Sadə və yaradıcı insanlar bunu nəzərlərində tutmalıdırlar. Əgər bu prinsiplər cəmiyyətin mənəvi-əxlaqi dəyərlər sisteminə ziddirsə, müəyyən senzuraların olması mümkündür. Senzura müəyyən çərçivədə ola bilər.

Amma total şəkildə hər şeyin dövlət nəzarətinə götürülməsi, total senzuranın həyata keçirilməsi necə ki, Sovet Azərbaycanı dönəmində tarix olaraq yaşamış olduq, düşünürəm ki, o cür senzuranın tətbiq olunması Azərbaycana, istənilən cəmiyyətə zərər vermiş olar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla