AZ

Sülh üçün iradə nümayiş etdirməlidir

“Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənəyə çevrilib. Aprelin 23-də isə ADA Universitetində təşkil olunan beynəlxalq forum “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda həsr olunub. COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində belə bir beynəlxalq forumun keçirilməsi olduqca aktualdır”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir. Hazırda respublikamız bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görür. Bu kontekstdə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum böyük əhəmiyyət kəsb edir. Forumda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Dövlətimizin başçısı vurğulayıb ki, biz Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.

Forumda dövlət başçısının müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırdığını deyən millət vəkilinin sözlərinə görə, diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Dövlətimizin başçısı deyib ki, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır: “Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”.

Cənab Prezident həmçinin vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq: “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı imkan yaradır: “Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir”. yap.az

Seçilən
53
3
Mənbələr
Şərh ()
Bağla