AZ

İlham Əliyev Aİ ilə qaz əməkdaşlığında iki problemi göstərdi

Bir tərəfdən, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. 

Bunu Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.

Dövlət başçısı qeyd ebi ki, bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. 

“Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir. Beləliklə, bu, birinci sualdır, deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezident İlham Əliyevin sözlərinə görə, ikinci sual isə ondan ibarətdir ki, Avropa bizdən daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir. 

“Yeri gəlmişkən, Avropa, Avropada interkonnektorların tikintisi layihələrini də icra edir. Lakin, eyni zamanda, bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik. Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik. Beləliklə, bunlar Avropa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmli məsələdir”, - deyə dövlət başçısı vurğulayıb.

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla