AZ

Avropa ilə qaz məsələmizdə 2 böyük problem var- ikisini də Avropa özü yaradıb...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Elşən Əliyev: “Azərbaycan bu qədər maliyyə risqinə təkbaşına gedə bilməz”

Prezident ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda iştirakı zamanı bildirib ki,  bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanıb:

“Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu bir öhdəlik deyil, bu bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarmışdır. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir. 

İkinci sual isə ondan ibarətdir ki, Avropa bizdən daha çox hasil etməyi və daha çox təchiz etməyi istəyir. Yeri gəlmişkən, Avropa, Avropada interkonnektorların tikintisi layihələrini də icra edir. Lakin, eyni zamanda, bizə heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik. Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də sıfır balansına çatmayıb. Biz hələ də borcu geri ödəyirik. Qaz satışından əldə etdiyimiz vəsaiti borcun ödənilməsinə sərf edirik. Beləliklə, bunlar Avropa ilə Azərbaycan arasında qaz əməkdaşlığına dair bizim həll etməli olduğumuz iki ən önəmli məsələdir”.

Göründüyü kimi, Prezident Avropa ilə qaz mövzusunda 2 böyük problemin olduğunu deyir və onların  ikisini də Avropa özü yaradıb.

İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub: “Artıq Azərbaycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Məlum olduğu kimi, ötən il Azər­baycandan Avropa bazarlarına 11,8 milyard kubmetr qaz ixrac olunub. Bütövlükdə isə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən ötən müddətdə ölkəmiz “köhnə qitə”dəki tərəfdaşlarına təqribən 31,5 milyard kubmetr təbii qaz göndərib. Avropa məkanına ixrac etdiyimiz qazın həcmi çox olmasa da, bu, ölkəmizin ümumi ixracının yarısıdır. Bununla belə, Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan qazının ixrac coğrafiyası, həqiqətən də, ölkəmizin Avropa təchizatçısı olduğunu təsdiq edir.

Üstəlik, Azərbaycanın Avropanın əsas qaz tədarükçüsü kimi əhəmiyyəti getdikcə artır. 

Təəssüflər olsun ki, Avropa ölkələri və onların maliyyə dairələri bizim bu təşəbbüslərimizə adekvat cavab vermir. Burada söhbət iri həcmli maliyyədən gedir. Prezident çox doğru vurğulayır ki, burada maliyyə zəmanəti lazımdır. Azərbaycan bu qədər maliyyə risqinə təkbaşına gedə bilməz. Hesab edirəm ki, bundan Avropa dairələri ciddi nəticə çıxarmalıdır”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
62
2
1

1Mənbələr

Şərh ()
Bağla