AZ

"Tərbiyəni verən ata, icraçı anadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Övlad tərbiyəsində ana əsasən icraçı rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, tərbiyəni verməli olan atadır: "Ata tərbiyə sistemi qurmalı ana isə mexanizmi öz mülayim rəftarı ilə işə salmalıdır. Bu istiqamətdə din alimləri ilə psixoloqların fikri eyniləşir. Ailə psixoloqları deyir ki, əgər evdə ata hər hansı bir səbəbdən yoxdursa, o zaman ana ya uşağın dayısını, ya əmisini, ya babasını, bir sözlə uşağa müsbət təsir edəcək hər hansı kişi nümayəndəsini mütəmadi olaraq uşağa göstərməlidir. Əks təqdirdə uşaq normal böyüməyəcək. Uşaq ana qayğısı ilə paralel olaraq atanın da həm qətiyyətini, həm də sevgisini görməlidir. Hər hansı bir əks cinsin nümayəndəsi tərəfindən aldadılmış qızlar haqqında psixoloqların ilkin rəyi qızın ata sevgisini kifayət qədər görməməsidir. Odur ki, ata faktoru çox önəmlidir".

Onun sözlərinə görə, uşaq tərbiyəsində ürək soyutmaq üçün və ya başqaları nə deyər deyə rəftar sərgiləmək yolverilməzdir: "Uşaq valideyn tərəfindən sevildiyini və yasaqların məhz sevgidən qaynaqlandığını görməlidir. Uşaqların fiziki və maddi baxımdan təminatı çox önəmlidir və valideynlər bunu reallaşdırmaq üçün əllərindən gələni etməlidirlər, lakin bundan daha çox önəmli olan övladları insani tərbiyə sistemi üzərində böyütmək və cəmiyyətə qüdrətli, intellektual və bacarıqlı bir canlı deyil də bir insan təhvil verməkdir. Biz tarixdə çox güclü ikiayaqlı canlılar tanıyırıq, fatehlər, işğalçılar, hakimiyyəti üçün öz övladlarını belə qəddarcasına öldürən padşahlar, onlara yaltaqlıq edən alimlər və sair. Bunlar uğurlu və qüdrətli canlılardır, lakin qüdrətli insan deyillər. Cəmiyyətə qüdrətli, savadlı, şəxsiyyətli və tərbiyəli insan vermək lazımdır və xeyirli övlad məhz bu səpgidə tərbiyə almış övladlardır. Xeyirli övlad sahibi olmaq üçün valideynlər prioritet olaraq öz əyləncələrini yox, övladların tərbiyəsini görməlidirlər.

Təəssüf ki, müasir valideynlərin əsas planı mümkün qədər çox kef çəkmək olduğu üçün övlad tərbiyəsində uğursuz olurlar. Çünki onlara öz maraqları daha çox önəmlidir və bu amil övlad tərbiyəsində mənfi nəticələr verir".

Müəllif: Söylü Ağazadə
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla