AZ

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Baydenə təqdim edilib.

 

ABŞ-nin 61 milyard dollarlıq yardımı Ukrayna üçün vəziyyəti necə dəyişəcək? Ukraynaya hansı silahlar veriləcək?

 

Sfera.az bildirir ki, Ukraynanın ehtiyac duyduğu ən aktual silahlar üç kateqoriyaya bölünür.

 

Bunlar hava hücumundan müdafiə sistemləri, orta və uzaq mənzilli raketlər və artilleriya mərmiləridir. 

 

Rusiyanın hava zərbələrini dəf etmək şəhərlərin və enerji stansiyaları kimi kritik infrastrukturun qorunması üçün həyati əhəmiyyət kəsb edir. Xatırladaq ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya tərəfindən təkcə bu il təxminən 1200 raket, 1500-dən çox dron və 8500 idarə olunan bomba hücumuna məruz qaldığını bildirib.

 

Ukrayna qısamənzilli “Stinger" raketlərindən tutmuş qabaqcıl və olduqca bahalı “Patriot” sisteminə qədər müxtəlif sistemlərə malikdir. Zelenski bildirib ki, ən azı daha yeddi “Patriot” və ya onların ekvivalentinə ehtiyac var.

 

Quruda gedən müharibə də həyati əhəmiyyət kəsb edir. Oktyabr ayından bəri Ukrayna şərq ərazisinin təxminən 583 kvadrat kilometrini əsasən artilleriya çatışmazlığı səbəbindən itirib.

 

ABŞ Ordusunun Taktik Raket Sistemlərinin (ATACMS) uzaq mənzilli versiyasını verməyə hazır olduğu bildirilib. Yeni versiya 600 km məsafəni (əvvəlkindən 2 qat çox) qət edir.+

 

ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya “M777 haubitsa”ları üçün 2 milyon 155 mm-lik artilleriya mərmiləri göndərib və çox güman ki, bu son paketə əsasən daha çox göndəriləcək.

 

Qeyd edək ki, Birləşmiş Ştatlar tez bir zamanda Ukraynaya silah çatdırmaq üçün çox güclü logistika şəbəkəsinə sahib olduğunu bildirib. Lakin Rusiya qüvvələrinin şərqdə zərbələrini davam etdirdiyinə görə, avadanlıqların, xüsusən də artilleriya avadanlığının cəbhə bölgəsinə çatdırılması günlər və hətta həftələr çəkə bilər. Keçən həftə Rusiya Qərb silahlarının saxlanıldığı logistika mərkəzlərinə və anbarlarına zərbələrin intensivliyini artıracağını bildirib.

 

Ukraynalı pilotlar və ekipajlar hazırda Rumıniyada olan Qərbin “F-16” təyyarələri ilə təlimlərini davam etdirirlər. Bu çoxməqsədli təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini potensial olaraq təkmilləşdirir. Danimarka, Hollandiya və ABŞ bir neçə ay ərzində onlarla "Vipers"i Ukraynaya çatdıracaq. Moskva isə “F-16"ların döyüş meydanında çox da fərq yaratmayacağını və Rusiya qüvvələri tərəfindən vurulacağını bildirib.

 

Firuzə Əliyeva


 

Seçilən
79
35
Mənbələr
Şərh ()
Bağla