AZ

“Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ

“İqtisadi maraqların təmin olunmasının nəticəsi olaraq, ətraf mühitin çirkləndirilməsi, təbii ehtiyatların tükənməsi, təbii mühitin dağıdılması kimi problemlərə yol açılıb. Statistik məlumata görə dünyada hər il adambaşına 20 tondan çox tullantı düşür. Çirkləndirmələr və sürətli sənaye inkişafı atmosfer havasının dəyişməsinə, yer kürəsinin qızmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, bu gün yer kürəsindəki, istiləşmə təqribən 1 faizdi, ən pisi odur ki, bunun 75 faizi son 10 ilə təsadüf edir: “Alimlərin hesablamalarına görə yer kürəsində istiləşmə 10-15 dərəcə artsa dünyamız məhv olacaq. Bu templə bu dəhşətli proses 150-200 ilə tamamlanacaq.

Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır. Məhz bu cəhətdən ekoloji təhlükəsizliyin təmin edilməsi daha çox millətlərarası, beynəlxalq bir səciyyə daşıyır. Ekoloji təhlükəsizlik probleminin tədricən ümumdünya probleminə çevrilməsi dünya ictimaiyyətinin problemi həll etmək üçün bir araya gəlmələrini vacib etdi ki, bu da ölkələr arasında beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin yaranması və inkişafı ilə nəticələndi. Ətraf mühitin beynəlxalq hüquqi mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi BMT-nin əsas funksiyalarından birinə çevrildi.

Ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması bütün dünyada olduğu kimi ölkəmizdə də əsas prioritetlərdəndir. Belə problem və məsələlərin həlli bir sıra qanunvericilik və hüquqi aktlarla tənzimlənir. Məsələn, Azərbaycanın Konstitusiyasında sözügedən hüquq sahəsi bir neçə maddə və müddəalarla öz əksini tapıb. 39-cu maddə hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququnu tənzimləyir. Qeyd edək ki, ölkəmizdə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını “Azərbaycan Respublikasının Qanunu” müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir.

Unutmamalıyıq ki, insan təbiətin kiçik bir parçasıdır. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır. Dünyamızın sabahı və gələcəyi biz insanlarla bizi əhatə edən təbiətin vəhdətindən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu tarazlıq pozularsa nələr baş verdiyini düşünmək gərəkdir. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Təbiət həm də bizim həyatımızı gözəlləşdirərək bizə böyük sevinc bəxş edir. Quşların oxuması, çayların şırıltısı, meşələrin şirin pıçıltısı insana dinclik verir. Biz yorğun olanda, sevincli, kədərli olanda belə təbiət qoynunda rahatlıq tapırıq. Əgər biz təbiəti məhv etsək, ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq. Hər bir insan təbiəti qorumalı və qayğısını çəkməlidir”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
35
50
Mənbələr
Şərh ()
Bağla