AZ

Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycanın Ukraynadakı səfiri dəvəti rəsmi Kiyevə çatdırdığını açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X” sosial hesabında məlumat yayıb.

Diplomat dəvəti Ukraynanın Xarici İşlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşdə çatdırıb: "Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası 2024-cü il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək.

COP "Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir.

COP tədbirlərində adətən gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd qəbul edilir.

Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil. 

2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı müəyyən ediləcəyi güman edilir.
Seçilən
23
41
Mənbələr
Şərh ()
Bağla