AZ

Artıq görülən işə görə əməkhaqqı verilməlidir? - VƏKİL AÇIQLADI

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas hüquqları təsbit olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullayev deyib.

Onun sözlərinə görə, onlardan biri də iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququdur: “İş vaxtından artıq iş dedikdə— işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır”.

Vəkil sözlərinə belə davam edib: “İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

1) əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
2) əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir”.

Ayşən Vəli

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla