AZ

"Bu üç səbəb uşağın məşğələyə getməsini "stimullaşdırır"" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, bizdə birinci sinifdən etibarən uşağın məşğələyə, əlavə müəllim yanına getməsi az qala vərdiş halına keçib, ümumi qanunauyğunluq halına çevrilib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, bu, bir tərəfdən baxanda arzuolunan, bir tərəfdən baxanda isə arzuolunmaz hadisədir: "Uşaqların istər öz müəllimlərinin yanında dərsdən sonra məşğələyə getməsi, yaxud da digər müəllimin xidmətlərindən istifadə etməsinin bir neçə səbəbi var. Birinci səbəb, uşağın verilən proqramı qavraya bilməməsi, gec anlaması, öyrənmə vərdişlərinin zəif olmasıdır. Bu problemin aradan qaldırılması üçün əlavə repetitor, məşğələ müəllimi xidmətindən istifadə olunur.

İkinci səbəb, psixoloji xarakter daşıyır. Cəmiyyət daxilində, sanki ümumi qanunauyğunluq və vərdiş halını almalıymış kimi valideynlərarası bir tendensiya səviyyəsinə gəlib çatıb. Burada valideynlərin bir-biri ilə rəqabəti, uşaqların sanki rəqabət meydanında məşğələ müəllimi yanına getməsinin vacib fiqur kimi qavranılması, bunun təlqin olunması səbəb kimi durur.

Üçüncü səbəb isə müəllimin basqısı və uşağın onun yanına əlavə məşğələyə gəlməsini az qala zorla məcbur etməsidir. Düzdür, bu basqılar birbaşa olmur, bullinq şəklində həyata keçirilmir. Bunun psixoloji aspektləri var. Məsələn, bir sinifdə 5 şagird həmin müəllimin yanına gedirsə, digər 15 şagird getmirsə, dərs prosesində pedaqoji işin təşkili zamanı həmin 5 şagird daha çox diqqət mərkəzində olur. Onlar uşaqdırlar. Cəmiyyətə hələ indi göz açırlar. Onların psixologiyası çox həssas olur. Bir dərs müddətində şagirdin müəllimdən daha az diqqət görməsi, ona qarşı etinasız yanaşılması onda psixoloji problemə çevrilir. Uşaq bəzən özünü ifadə edə bilmir. Özünə qarşı etinasızlıq və laqeydliyi əsaslandıra bilmir. Amma şüuraltı olaraq bu proseslər gedir.

Müəllim öz yanına gələnlərə əlavə vaxt ayırır. Çünki onlardan əlavə pul görür. Onların diqqət və qayğısına da xüsusi yanaşır. Sanki onun yanına məşğələyə getməyənlər şagird deyil. Bu, təbii ki, hamıya aid deyil. Bu gün MİQ vasitəsilə məktəblərə işə qəbul olunan, şagirdlərin hər biri üçün canını əsirgəməyən müəllimlərimiz də var. Mən qətiyyən onların haqqına girmək istəmirəm. Onları təqdir edirəm".

"Bu üç səbəb uşağın məşğələyə getməsini "stimullaşdırır". Mən yalnız birinci qrupa aid olanları haqlı hesab edə bilərəm. Çünki, həqiqətən də, uşaqlar eyni deyil, uşağın fizionomiyasi, zehni, psixoloji inkişafı eyni deyil. Nisbətən geri qalanları proqrama çatdırmaq üçün, digər yoldaşları ilə ayaqlaşdırmaq üçün müəllim əlavə vaxt və əmək sərf edirsə, bunu məşğələ səviyyəsində və halal zəhməti ilə edir. Digər səbəbləri isə qəbul etmirəm.

Məkan kölgədə qalan faktordur. Hər şeyi məktəbin üzərinə atmayaq. Söhbət abituriyentlərin deyil, söhbət uşaqların məşğələyə getməsindən gedir. Bir müəllim ibtidai sinifdə həmin uşağa dərs deyir. Dərs bitəndən sonra saat 4-də valideyn uşağını yenə həmin müəllimin evinə, yaxud da hazırlıq keçəcəyi bir məkana aparır. Həmin müəllim onsuz da, ona dərs demirmi? Səbəb kimi deyirlər ki, sinifdə şagird çoxdur, çatdırmaq olmur. Şagird sıxlığını, müəllimin dərsi düzgün bölüşdürə bilməməsini valideynin cibinə girməklə kompensasiya etməliyik? Bunu müəllim deyirsə, valideynlər niyə bu yola gedirlər? Uşaq sinif yoldaşından geri qalmasın deyə bunu edirlər. Məktəb burada ikinci, bəlkə də üçüncü dərəcəli faktora çevrilib. Biz məktəbi, uşaqları qorumalıyıq. Məşğələ ibtidai sinfə daha çox kök salıb, nəinki abituriyentlərə. Buna diqqət etməliyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla