AZ

Mətanət Əsgərqızı əslində, kimdir və kim olub? - Faktlar danışır - I hissə + FOTO/VİDEO

Əvvəlcədən bu araşdırmanın bu qədər uzun olmasına görə oxuculardan üzr istəyirik. Ancaq əvvəl-axır Mətanət Əsgərqızı adlı şəxs haqqında kimsə bunları deməli idi. İctimaiyyətin haqqıdır ki, özünü “ictimai maraqlar müdafiəçisi” elan etmiş QHT sədrinin əslində, kim olduğunu, hansı maraqlara xidmət etdiyini bilsin. 

Əvvəla, ondan başlayaq ki, Mətanət Cəfərova (Mətanət Əsgərqızı) 2014-cü ilin martında dövlət qeydiyyatına alınmış “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədridir. 

Lakin 2014-cü il həmin QHT-nin reyestrdən keçdiyi tarixdir, buna qədər isə 3 il idi ki, Mətanət Cəfərova özünü hər yerdə QHT sədri kimi təqdim edirdi. Bu, o vaxtlar idi ki, SOROS, NED və digər xarici fondlar Azərbaycanda sabitliyi pozmağa çalışır, kütləvi iğtişaşlara, dövlət çevrilişinə cəhdlər edir, əsgər və şəhid ailələri adından sui-istifadə edir, “Əsgər ölümlərinə son!” adlı aksiyaları maliyyələşdirirdi. Görünür, xarici donorların kisənin ağzını geniş açması Mətanət Cəfərova adlı AZTV radiosunun hərbi-vətənpərvərlik redaksiyasında çalışan sıravi işçisini xeyli iştahalandırmışdı. 

“Akop Mətanət”

Əslində, o vaxt da indiki kimi Mətanət Cəfərova (Mətanət Əsgərqızı) adlı “jurnalist”i nə dinləyicilər, nə tamaşaçılar, nə də oxucular tanıyırdı. Amma “Akop Mətanət” deyiləndə, AZTV-də hamı başa düşürdü ki, söhbət kimdən - AZTV-nin ovaxtkı sədr müavinlərinin birinin otağından çıxmayan hansı şəxsdən gedir… Nə isə, çox dərinə getməyək… 

Bir gün redaksiyada işçilər eşidəndə ki, salam vermək istəmədikləri “Akop Mətanət” QHT açıb, çoxları mat qaldı. Amma Mətanət Cəfərova özünü yazıxlaşdırmağı, cilddən-cildə girməyi onda da yaxşı bacarırdı. Belə olmasaydı, AZTV vəsiqəsindən sui-istifadə edib Milli Məclisin 2 deputatını - Zahid Orucu və Nizami Cəfərovu Ədliyyə Nazirliyinə ona görə minnətçi düşməyə razı sala bilməzdi. 

O, əvvəlcə “Azərbaycan Əsgər Anaları” İctimai Birliyi təsis etmək istəyirdi, fikirləşirdi ki, SOROS və digərləri üçün bu, daha cəlbedici olardı. Amma Ədliyyə Nazirliyində verilən ilk sual qarşısında donub qalmışdı… İllər sonra qapı-qapı düşəndən sonra nəhayət ki, QHT-nin rəsmi qeydiyyat adı belə oldu: “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi.

“İçi boş QHT” 

Bu QHT 2014-cü ildə yarananda cəmisi 5 üzvü var idi, onlardan da 2-si Mətanətin qızları - Şəbnəm və Könül idilər. Guya 10 ildir “gərgin fəaliyyət” göstərmiş QHT kimi təqdim olunan bu ictimai birliyin indi də üzvlərinin sayı 5 nəfərdir. Bir nəfər də olsun əsgər və şəhid ailəsi üzvü ötən 10 ildə bu QHT-yə yaxın durmaq, ona üzv olmaq istəməyib. Bu beş nəfərin ikisi yenə də öz qızıdır. 

Hərçənd ki, M.Əsgərqızı reket fəaliyyətində istəkləri yerinə yetməyəndə, imtina cavabları ilə üzləşəndə tez-tez belə şantajçı ifadələr işlədir: “…elə etməyin ki, 1 zənglə 1000 nəfər həssas qrupdan olan üzvümüzü idarənizin qarşısına töküm haa”. Buyurun, bu da 200 dəfə şişirdilmiş həmin üzvlərin siyahısı: 


 
Bunun çoxsaylı səbəbləri var. Məsələn, Mətanət adam, idarə qalmayıb danışmasın ki, bəs o, “dünyaşöhrətli görkəmli psixoloq” Əhməd Əhmədovdan 6 ay dərs alıb və yekunda ona psixoloq sertifikatı verilib. Tanış olun, bu, həmin sertifikatdır:


İndi isə gəlin Əhməd Əhmədovla tanış olaq, sən demə o, özü də heç psixoloq deyilmiş. Əhməd Əhmədov falçı, “cinçıxaran”, “cadugər”dir, “ekstrasens”liklə qadın xəstəlikləri, qaraciyər və öd kisəsi müalicəsi apardığını iddia edən fırıldaqçı parapsixologiya təşkilatının rəhbəridir:


Şəhid ailələrinə qarşı dələduzluq

Psixoloq olmaq üçün psixologiya ixtisası üzrə ən azı 4 il ali təhsil almaq tələb olunur. Bu videoda Mətanət Əsgərqızı falçı, cindar Əhməddən aldığı kağız parçası ilə özünü şəhid ailələrinə utanmadan psixologiya üzrə ekspert kimi qələmə verir:

Şəhid ailələrinin adından sui-istifadə Mətanət üçün adi haldır. 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində heç 2 yaşı tamam olmamış Zəhra balamızın nənəsi Sahibə Allahverdiyeva ilə düşmən güllələri ilə öldürülməsi bütün Azərbaycanı sarsıtmışdı. Həmin vaxt isə Mətanəti tez özünü bu ailəyə çatdırıb, “makler”lik etmək düşündürürdü. 
 Sonradan ailə xəbər tutdu ki, onları ziyarətə gəlmiş QHT sədri Mətanət Cəfərova ölkə rəhbərliyinə Zəhranın anasının adından saxta məktub yazıb ki, ailə Bakıya köçmək və burada yaşamaq üçün ev istəyir. Zəhranın dərdli anası, atası bilmədi ki, bu ağır faciənin yükünü çəksin, yoxsa mediaya izah etsinlər ki, onlar belə məktub yazmayıblar və övladlarının, doğmalarının şəhid olduğu yeri tərk etmək istəmirlər, bu barədə ümumiyyətlə, düşünmürlər. 
 Elə həmin il “Aprel şəhidi” Xaliq Əzizzadənin ailəsinin “Parabank”a olan kredit borcu dövlətin müdaxiləsi ilə bağlanmış və buna görə məsələni ictimailəşdirmiş mərhum deputat Qənirə Paşayeva ölkə rəhbərliyinə minnətdarlıq etmişdi. 

Mətanət Əsgərqızının “Facebook” səhifəsini oxuyanda isə elə anlaşılırdı ki, heç demə, Qənirə Paşayeva “yalan danışıb”, hər şey Mətanətə görə imiş.  

Ümumiyyətlə, bu şəxsin özünəvurğunluğu, özündən yalançı “qəhrəman” düzəltmək üçün çırpınışları hər addımında hiss olunub.

Məsələn, 20 Yanvar hadisələrindəki “qəhrəmanlığı” barədə bu statusu Mətanət yəqin ki, “ayıq başla” yazmayıb. Çünki 10-15 cümləlik statusda ən azı 5 ziddiyyət var. Birincisi, burada Mətanət iddia edir ki, 20 Yanvar gecəsi reportyorla xəstəxanadan reportaj edib. Maraqlıdır, reportyor reportajı hazırlayan şəxsdir, əgər reportyor orada olubsa, müxbir Mətanət orada nə iş görüb?! Daha sonra iddia edir ki, 5 nömrəli xəstəxanadan “Azadlıq Radiosu”na müsahibələr verib və buna görə evinə 99 rubl telefon borcu gəlib. Qəribədir, xəstəxanadakı telefondan danışığına görə borc necə onun evinə gələ bilər?! Sonra isə yazır ki, “Azadlıq Radiosu” yaşadığı evin yaxınlığında yerləşir, onda müsahibə vermək üçün xəstəxanaya getmək niyə lazımdır ki!?   


Dönüklük həyat norması olanda...

Saxtakarlıq kimi dönüklük də onun üçün həyat normasıdır. İlk dönük çıxdığı şəxslərdən biri elə Zahid Oruc oldu. 

 Z.Oruc bir də gördü ki, vaxtilə onu göylərə qaldıran Mətanət indi Bərdədə ona qarşı rəqib deputatlığa namizəddir və ona qarşı çirkin kampaniya aparır, hamını şərləyir ki, parlamentə seçkidə Zahid Oruc deyil, o, seçilib, ona görə də Z.Orucun yığdığı səslər ləğv edilməlidir: 
 
 

 Deputat Azay Quliyev də Mətanət Əsgərqızı üçün davamlı tərif ünvanı idi, onun adını çəkməkdən belə şərəf hissi duyduğunu bildirirdi. Onunla fəxr etdiyini yazmaqdan yorulmurdu.

Bunları sadalamaqla bitməz. Amma indi Mətanət Əsgərqızı Azay Quliyev barədə olmazın hədyanlarını yağdırır.

Şantaj və reketçiliyə davam 

İllərlə işlədiyi, vəsiqəsindən sui-istifadə etdiyi AZTV-yə də dönük çıxdı. İş o yerə çatdı ki, AZTV 2020-ci ildə onun barəsində mediaya açıqlama ilə çıxış etməli oldu:
“Bu gün AzTV QSC-nin keçmiş əməkdaşı Mətanət Əsgərqızının videomüraciəti yayılıb. Həmin müraciətə cavab olaraq bildiririk ki, M. Əsgərqızı ayyarım bundan əvvəl kadrlara çağırılıb və ona əvvəlcədən “müqavilə bitdikdən sonra sizinlə müqavilə uzadılmayacaq” sözləri deyilib. Bir sözlə, əmək qanunvericiliyinə uyğun olaraq, ona əvvəlcədən xəbərdarlıq edilib və əməkdaşlıq müqaviləsinə xitam verilib. Səbəb həmin insanın özünün də dediyi kimi, uzun müddət hərbi redaksiyada çalışmağına baxmayaraq, nə redaktor, nə də müxbir kimi işə yararlı olması, daxildə işdən daha çox intriqa, qarşıdurma və əsassız narazılıqlar yaratmasıdır... həmin xanımın qızı da bizim əməkdaşımız olub. Lakin uzun müddət, təxminən 7-8 ay iş buraxdığından 1 il əvvəl onunla da əməkdaşlığa xitam verilib...”


 Mətanət Əsgərqızı sosial media səhifəsində yazır ki, heç kim ona sifarişlə kimisə söydürə bilməz. Əgər bunu etsə, onda “pol əskisi” olar, üstündən adlayıb keçərlər.

Mətanət Əsgərqızının bütün missiyası məhz sifariş yerinə yetirmək olub. Fərq odur ki, hər dəfə sifarişçiləri fərqli olub. 

O, bu gün “söyüş QHT”lərinin nümayəndəsidir.

Maraqlıdır, daha nə olmalıdır ki, Mətanət Əsgərqızının təmsil olunduğu “Azərsu” ASC, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraların sədrləri şuralarında təmsil olunan bu rəzil QHT sədrini öz sıralarından uzaqlaşdırdınlar?.. Yoxsa, bu ictimai şuralar üçün peşə etikası, etik davranış kodeksi deyilən sivil qaydalar yoxdur?! Varsa, onlar kimin üçün yazılıb?

Ardı var...

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla