AZ

“Roma” A Seriyasını oyun təqviminə görə tənqid etdi

“Roma” rəsmi bəyanatla çıxış edərək, oyun təqviminin tərtibinə görə İtaliya A Seriyasının ünvanına tənqidini bildirib.

Arena.az məlumat verir ki, “canavarlar” öz mövqeyini klubun rəsmi saytında dərc edilmiş bəyanatda açıqlayıblar.

Belə ki, paytaxt təmsilçisi, komandanın oyun təqviminin dəyişdirilməməsi haqda xahişinə rəğmən, İtaliya A Seriyası bu xahişi təmin etməyib. Bu azmış kimi, təşkilatçılar “canavarlar”ın çempionatın 32-ci turu çərçivəsində “Udineze” ilə yarımçıq qalmış oyununu da aprel ayının 25-nə təyin ediblər. Aprelin 28-də “Roma”nı 34-cü tur çərçivəsində “Napoli” ilə səfər oyun gözləyir. Mayın 2-də isə “canavarlar” Avropa Liqasının yarımfinalı çərçivəsində ilk oyunda Leverkuzen “Bayer”ini qəbul edəcəklər.

“Nəticələri və Avropada ardıcıl dörd yarımfinalı ilə “Roma” UEFA reytinqinə töhfəsini verib və İtaliya klubları da bir neçə başqaları kimi növbəti Çempionlar Liqasında beş yerə sahib olacaqlar.
Buna rəğmən, bu gün prezident Kazini “Roma”ya qarşı ədalətsiz qərar verdi və bizi Leverkuzen “Bayer” ilə əlverişsiz vəziyyətdə qarşılaşmağa məcbur etdi ki, bu da bütün İtaliya futbol sistemi üçün anlaşılmaz bir addımdır. Klubumuzun oyunçuları və heyəti inanılmaz azarkeşlərimizin dəstəyi ilə bu haqsız bəlaya qarşı mübarizə aparmağa sadiq olduqlarını bir daha təsdiqləyirlər”, – “canavarlar”ın rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, İtaliya A Seriyasının 32-ci turunda “Udineze” ilə səfər oyununda “Roma”nın ivuarlı müdafiəçisi Evan Ndika səhhəti pisləşdiyi üçün yerə sərilmişdi. Bu üzdən də o, təcili surətdə xəstəxanaya çatdırılmışdı. Ardından hər iki komandanın razılığı əsasında oyun dayandırılmışdı. Həmin məqamda hesab 1:1 olub. İndi komandalar aprelin 25-də yarımçıq oyunu başa vurmaq üçün meydana çıxacaqlar.

Hazırda “Roma” 31 oyundan 55 xalla A Seriyasının yarış cədvəlinin 5-ci, “Udineze” isə 28 xalla 16-cı pilləsində qərarlaşıb. A Seriyasına 32 oyundan 83 xalla “İnter” başçılıq edir.

Seçilən
86
10
Mənbələr
Şərh ()
Bağla